Son dəqiqə

Fələstin İsrail Əl-Əqsa məscidi

55 il öncə bu gün Məscidül-Əqsa yandırıldı

Bakı, TurkicWorld

1969-cu il avqustun 21-də səhər saatlarında Məscidül-Əqsanın yerləşdiyi ərazidən qalxan tüstü bölgədəki fələstinliləri təşvişə saldı. Həmin gün Qiblə Məscidini əhatə edən alov bir müddət sonra sönsə də, bu gün Fələstini bürüyən alovlar hələ də sönməyib.

14 may 1948-ci ildə İsrailin qurulmasının rəsmi şəkildə elanı edilməsi ilə başlayan Ərəb-İsrail müharibəsi nəticəsində şərq və qərb olmaqla iki hissəyə bölünən Qüds 1967-ci il iyun ayında altı günlük müharibə ilə tamamilə İsrail işğalına məruz qaldı. Qədim Qüdsün də daxil olduğu və İordaniya tərəfindən qorunan şəhərin şərq tərəfi 7 iyun 1967-ci ildə İsrail qüvvələri tərəfindən zəbt edildi. Köhnə şəhərin və Məscidül-Əqsanın divarları arasında yürüş edən yəhudi əsgərlərinin görüntüləri dünyada milyonlarla müsəlmanı kədərə qərq elədi. Ancaq bu mənzərə işğal altındakı Qüdsdə illər ərzində baş verəcək zülmlərdən ibarət albomun ilk fotoşəkili idi…

İsrailin müdafiə naziri Moşe Dayan, Baş Qərargah rəisi Yitzhak Rabin və Qüds Cəbhəsinin komandanı Uzi Narkiss Məscidül-Əqsada.

İşğalın yaratdığı iki illik narahatlıqdan sonra 1969-cu il avqustun 21-də səhər saatlarında Məscidül-Əqsa yaxınlığındakılar ərazidəki səsgücləndiricilərdən o qədər də öyrəşmədikləri bir səs eşitdilər. Bu qeyri-adi çağırışa qulaq asaraq nəzərlərini Əqsaya çevirən müsəlmanlar böyük bir fəlakətlə üz-üzə qaldıqlarını anladılar. Belə ki, Qiblə məscidi yanırdı.

Məscidül-Əqsanın cənub ucunda yerləşən Qiblə məscidi Əməvi xəlifəsi Vəlid bin Əbdülməlik tərəfindən tikilib.

İlkin şokdan ayılan fələstinlilər məscidə doğru axışdılar. Əsrlər boyu var olan Məbəddə sürətlə yayılan yanğını söndürmək üçün kişi-qadın, cavan-qoca yüzlərlə insan səfərbər oldu. Qəzəbli camaat Əqsanın həyətindən məscidə doğru uzanan xalq halqası ilə əldən-ələ keçən torpaq və qumla təkbir və salavat deyərək yanğını söndürməyə çalışdı.

Yanğın zamanı qarşı təpədən çəkilmiş foto.

Bölgəyə çatmağa çalışan xilasetmə qruplarının israillilər tərəfindən qarşısı alındığı üçün həmişəkindən çox uzun sürən yanğın, təxminən beş saatlıq səydən sonra söndürüldü. Qiblə məscidinin qərb qanadındakı damın taxta hissəsi uçmuç, məscidin içərisində çox böyük dağıntı yaranmış və ən əsası isə birbaşa Səlahəddin Əyyubinin özünün məscidə hədiyyə edilən, müsəlman Qüdsün simvolu olmuş, ağac və fil sümüyündən hazırlanmış nadir minbər tamamilə külə dönmüşdü.

Yanğının söndürülməsindən bir neçə saat sonra Qiblə məscidinə gələn İsrail baş naziri Qolda Meir fəlakətin səbəbkarı kimi fələstinliləri İsrailə qarşı təhrik etmək niyyətində olan bəzi terror qruplaşmalarını göstərib.

Fələstinlilər isə bunun tam əksini düşünürdülər. Onlar yanğını Məscidül-Əqsanı tamamilə dağıtmaqla Süleyman məbədinin yenidən qurulmasını mümkün etmək istəyən yəhudilər tərəfindən həyata keçirildiyini deyirdilər. Məscidi alov bürüməzdən qısa müddət əvvəl isə ərazidə məmurların diqqətini çəkən birinin olduğu və bu məmurların verdiyi təsvir əsasında hadisəni törədənin axtarışına artıq başlanıldığı deyilmişdi.

Təxminən 36 saat sonra, avqustun 22-si axşam saatlarında, əldə edilən məlumata görə, bir şübhəli tutularaq nəzarətə alındı. Dennis Michael Rohan adlı şübhəli Avstraliya vətəndaşı idi və təxminən 4 aydır Netanya yaxınlığındakı kibbutzda (həyatın kommunizmə əsaslandığı yəhudi kəndi) yaşayırdı.

Tezliklə Qiblə məscidini yandırdığını etiraf edən Rohan “Tanrıdan əmr aldığını” və “Məsihin gəlişini tezləşdirmək üçün” məscidi yandırdığını dedi.

Qiblə məscidində baş verən yanğının səbəbkarı kimi Denis Maykl Rohan (kostyumda) saxlanılmışdı

Rohan hadisədən iki həftə əvvəl oxşar əmələ cəhd etdiyini, lakin uğursuz olduğunu da etiraf etmdi. Fələstinlilər üçün çox da inandırıcı olmayan bu açıqlamalar İsrail rəsmilərini qane etdi. Bir müddət nəzarətdə saxlanılan şübhəlinin əqli cəhətdən sağlam olmadığlı hesab edilərək ölkəsinə, Avstraliyaya göndərildi və 1995-ci ildə ölümünə qədər Sidney yaxınlığındakı klinikada qaldı.

Bu fəlakətdən sonra İslam dünyasından ciddi etiraz səsləri yüksəlməyə başladı. Həmin günə qədər birgə hərəkət edə bilməyən İslam ölkələri bu dəfə bir araya gəlməyi bacardı və İslam Əməkdaşlıq Təşkilatı yanğından cəmi bir ay sonra, 25 sentyabr 1969-cu ildə yaradıldı.

Qiblə Məscidinin təmiri üzrə Təşkilatın tərkibində yaradılan fond sayəsində işğaldan sonra Məscidül-Əqsa ilə məşğul olan Qüds İslam Fondu vasitəsilə bərpa prosesi başa çatdırıldı. Səlahəddin Əyyubi tərəfindən məscidə hədiyyə edilən və yanğında tamamilə yanan və təxminən 800 illik yaşı olan minbər İordaniya Kralı II Abdullah tərəfindən orijinalına uyğun olmaqla yenidən hazırlandı və 2007-ci ildə yerinə qoyuldu.

Dəymiş maddi ziyan aradan qaldırılıb ortaya çıxan təxribat bərpa edilsə də, 1969-cu ilin yayında baş verən bu hadisədən sonra fələstinlilər arasında yaranan narahatlıq bu gün də davam edir. Yəhudilərin Məscidül-Əqsaya basqınları, müsəlmanların məbədə girməsinə mane olan özbaşına qərarlar, bölgədə aparılan qazıntılar və bir çox başqa problemlər bu narahatlığı haqlı çıxarır.

Qiblə Məscidi yanğını başlayanda orada olan və söndürmə işlərində iştirak edən Qüdsdəki Ali İslam Nümayəndəliyinin sədri İkrimə Səbrinin dediyi kimi: Yanğınlar hələ də sönməyib....

Mövzuya görə xəbərlər