Son dəqiqə

İngiltərə etiraz aksiyası

İngiltərədə saxta xəbər başladan şəxs məsuliyyətə cəlb edilib

Bakı, TurkicWorld

İngiltərədə 55 yaşlı qadın sosial şəbəkədə paylaşdığı yalan məlumatla ifrat sağçıların küçə etirazlarına səbəb olduğu iddiası ilə saxlanılıb.

TurkicWorld xəbər verir ki, İngiltərənin Çeşir Polis İdarəsi, iyulun 29-da Southport bölgəsində baş verən və 3 uşağın ölümü ilə nəticələnən bıçaqlı hücumun faili haqqında sosial mediada dezinformasiya yaydığı iddiası ilə bir qadının saxlanıldığını açıqladı.

Polisin verdiyi açıqlamada, Çesterdə yaşayan qadının dünən saxlanıldığı və "55 yaşlı qadın 8 avqustda irqçi nifrəti qızışdırmaq və dezinformasiya məqsədi ilə yazılı material dərc etməkdə şübhəli bilinərək saxlanılıb",- deyə qeyd edib.

Bu bəyənatda sözlrinə yer verilmiş Cheshire Polis Baş Müfəttişi Alison Ross, 29 iyuldan bəri ölkədə ifrat sağçı küçə hadisələrinin internetdəki pis niyyətli və yalan məlumatlarla qidalandığını söylədi.

Ross, "Bu vəziyyət sosial mediada məlumatların düzgünlüyünü yoxlamadan paylaşmağın nə qədər təhlükəli olduğunun bariz nümunəsidir. Baş verənlər, internetdə olub-olmamasından asılı olmayaraq, əməllərimizə görə məsuliyyət daşıdığımıza dair xəbərdarlıqdır",-deyə əlavə edib.

Britaniya mediası həbsdə olan qadının Bernadette Spofforth adlı iş adamı olduğunu açıqlayıb. Daily Mail-ə danışan Spofforth, "Belə bir şeydə ittiham olunduğuma görə utanıram. Bunu mən uydurmamışam. Belə bir məlumatı Southport-da bir nəfərdən almışam" deyib.

Cinayətkarın kimliyi ilə bağlı yalan məlumat paylaşdığını etiraf edən, lakin onun paylaşımının ifrat sağçı hadisələri alovlandırdığını qəbul etməyən Spofforth, "Mənim yazımın ölkədəki şiddətlə heç bir əlaqəsi yoxdur. Amma qəbul edirəm ki, bir Rusiya xəbər saytı mənbə kimi mənim yazımdan istifadə etmiş ola bilər”, - deyə öz fikrini bildirib.

Araşdırmalar nəticəsində Daily Mail də cinayətkarın kimliyi ilə bağlı yalan ifadələrin ilk dəfə məhz Spofforth-un paylaşımında qeyd edildiyi məlumatını paylaşıb.

Bağladığı X hesabında minlərlə izləyicisi olduğu qeyd edilən Spofforth, The Times-a verdiyi açıqlamada, "Mən bu yazını yazdım. Bu, bir anlıq instinktlə edilmiş mənasız bir şey idi və məni məhv etdi",- deyə bildirdi.

Spofforth, gördüyü başqa bir X paylaşımından sonra özünün də eyni şeyi yazdığını bildirdi.

Southport bölgəsində cinayət tördən şəxslə bağlı paylaşımda Spofforth şübhəlinin adının "Əli Əl-Şakati" olduğunu yazıb və onun keçən il İngiltərəyə qeyri-qanuni yollarla gələn və kəşfiyyat xidmətinin izlədiyi bir şəxs olduğunu bildirib.

Qeyd edək ki, polis hücumçunun 17 yaşı olduğu üçün kimliyini açıqlamasa da, sosial mediada onun müsəlman miqrant olduğu iddiasından sonra ölkədəki ifrat sağçı qruplar məscidlərə və əcnəbilərə qarşı hücumlar həyata keçirmişdi.

İyulun 30-da ölkədə başlayan ifrat sağçı zorakılıqlar zamanı çoxlu miqrant və polis məmuru hücuma məruz qalıb, məscidlər, evlər, iş yerləri, avtomobillər və polis maşınlarına ziyan dəyib.

İngiltərə və Şimali İrlandiyada ifrat sağçı küçə insidentləri nəticəsində 483 nəfər saxlanılıb və onlardan 149-u hakim qarşısına çıxıb.

Onu da əlavə edək ki, hadisədən üç gün sonra Southportda 3 uşağı öldürən, 8-i uşaq olmaqla 10 nəfəri yaralayan cinayətkarın Axel Radukubana olduğu açıqlanmışdı. Uelsin paytaxtı Cardiff-də doğulan Radukubanın xristian olduğu da məlum olub.

Mövzuya görə xəbərlər