Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrailin son hücumları nəticəsində ən azı 13 fələstinli həlak olub

Bakı, TurkicWorld

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi son hücumlarda ən azı 13 fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat verib.

İsrail ordusunun Qəzza şəhərinin Et-Tuffah rayonunda Əş-Şurafa ailəsinə məxsus evi pilotsuz uçuş aparatı (PUA) ilə bombalaması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda fələstinli yaralanıb.

Qəzzanın şərqindəki Şucaiyye rayonunda İsrail ordusuna məxsus PUA-ların hədəfinə çevrilərək həyatını itirən 3 nəfər Əl-Ehli Baptist Xəstəxanasına gətirilib.

Şahidlərin sözlərinə görə, İsrail təyyarələri Qəzzanın qərbindəki Ər-Rimal rayonundakı Səlahəddin məktəbini də hədəfə alıb. Hücum nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

İsrail ordusunun Qəzzanın mərkəzindəki bir evə pilotsuz təyyarə ilə hücumundan sonra biri uşaq olan 3 nəfərin cənazəsi Əl-Əqsa Şəhidləri Xəstəxanasına gətirilib.

İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şimalındakı Əz-Zuhur məhəlləsində bir camaatı hədəf alan hücumda iki fələstinli həyatını itirib.

İsrail qüvvələrinin Deyr əl-Belah və Xan Yunisdə bəzi kənd təsərrüfatı sahələrinə və fələstinlilərin evlərinə atəş açdığı da bildirilib.

Məlumat üçün qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 38 min 664 fələstinli həyatını itirib, 89 min 97 nəfəri yaralanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər