Bakı, TurkicWorld
Cənubi Afrika Respublikasının yeni beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Ronald Lamola bildirib ki, ölkə milli birlik hökuməti dövründə də Fələstin xalqı ilə həmrəyliyini davam etdirəcək.
TurkicWorld xəbər verir ki, 29 mayda keçirilən ümumi seçkilərdə Afrika Milli Konqresinin (ANC) parlament çoxluğunu itirməsindən sonra Cənubi Afrika Respublikasında yaradılmış milli birlik hökumətinin beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Lamola Keyptaunda keçirlən toplantıda Cənubi Afrikanın xarici siyasət prioritetlərini açıqlayıb.
Lamola buradakı çıxışında bildirib ki, G20 və BRİKS üzvü olan Cənubi Afrika öz xarici siyasətini çoxqütblü dünya nizamı üzərində qurur.
Lamola, Fələstin məsələsinin Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı soyqırım iddiası qaldıran Cənubi Afrikanın bir xarici siyasət prioriteti olduğunu ifadə edərək, “Biz Fələstinlilərin hüquqlarını qorumaq və hər kəs üçün beynəlxalq hüququn ədalətli icrasını təmin etmək üçün qlobal qurumlarla birlikdə hərəkət etməyə davam edəcəyik.”-deyib.
Cənubi Afrikanın İsrailin fələstinlilərə qarşı hücumlarını Beynəlxalq Ədalət Divanı (ICJ) ilə yanaşı Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) də çatdırdığını qeyd edən Lamola, “Fələstin xalqına qarşı aparteid və soyqırım aktlarının sonlandırılması üçün əlimizdən gələni etməyə davam edəcəyik” deyib.