Son dəqiqə

Fələstin İsrail Rəfah

İsrail Rəfahda üç evi bombalayıb

Bakı, TurkicWorld:

İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində üç evi bombalaması nəticəsində 15 fələstinli həyatını itirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Wafa xəbər agentliyi məlumat verib.

Məlumata əsasən, Rəfahın şərqində evin bombalanması nəticəsində aralarında uşaq və qadınların da olduğu dörd nəfər həlak olub.

Bundan başqa, Qaçqınlar Düşərgəsində köçkün qəzzalıların yaşadığı evin bombalanması nəticəsində daha altı nəfər həyatını itirib.

Rəfahda üçüncü evə hücum nəticəsində isə beş nəfər həlak olub.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Mövzuya görə xəbərlər