Son dəqiqə

İsrail Əl-Əqsa məscidi

Radikal yəhudilər Əl-Əqsa məscidinə basqın edib

Bakı. TurkicWorld:

Radikal yəhudilər Əl-Əqsa məscidinə basqın edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, radikallar İsrail polisinin müşayiəti ilə məscidin həyətinə daxil olublar.

Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamada, İsrail polisinin himayəsində olan 100-dən çox radikal yəhudinin işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən Məscidül-Əqsaya basqın etdiyi bildirilib.

Açıqlamada yəhudi qrupunun məscidin həyətində təxribat xarakterli turlar təşkil etdiyi və Talmud ayinləri keçirdiyi qeyd edilib.

Bildirilib ki, Süleyman məbədinin yenidən qurulmasını müdafiə edən radikal yəhudi icmaları tərəfindən Məscidül-Əqsaya basqın etmək çağırışları artıb.

Basqın İsraildə qədim Fars imperiyası dövründə yəhudilərin “azad edilməsi” münasibəti ilə qeyd olunan və İbrani təqvimi ilə bu il martın 24-25-nə təsadüf edən Purim ayının birinci günündə baş tutub.

Xatırladaq ki, İsrail və İordaniya arasında 26 oktyabr 1994-cü ildə imzalanan sülh müqaviləsinə əsasən, Əl-Əqsa məscidi İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəs İşlər Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.

Lakin 2003-cü ildən İsrailin birtərəfli qərarı ilə administrasiyanın icazəsi olmadan yəhudilər polisin müşayiəti ilə müqəddəs məbədə daxil olublar.

Bu girişləri basqın kimi xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu bildirir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər