Azərbaycanda insan kapitalının inkişafı Aİ və Dünya Bankı ilə sıx əməkdaşlıq çərçivəsində baş verir

Azərbaycanda insan kapitalının inkişafı Aİ və Dünya Bankı ilə sıx əməkdaşlıq çərçivəsində baş verir

Bakı. TurkicWorld:

Azərbaycanda insan kapitalının inkişafı Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) ilə sıx əməkdaşlıq çərçivəsində baş verir.

TurkicWorld-un məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko "Azərbaycanda İnsan Kapitalı İcmalı"nın təqdimatına həsr olunmuş tədbirdə deyib.

"Aİ və Azərbaycan arasında sıx əməkdaşlığı nəzərə alaraq, biz bu mərhələdə gələcəyi necə inkişaf etdirmək sualına cavab tapmaq üçün bu layihənin yaradılmasını dəstəklədik. Bu sahədə inkişaf hamı üçün sosial tərəqqiyə səbəb olacaq. İnsan kapitalı sağlamlıqdır, bilik və bacarıqlardır, təcrübədir, vərdişlərdir. İnsan kapitalı mühüm əhəmiyyət kəsb edir və ona qoyulan investisiya ölkənin edə biləcəyi ən yaxşı investisiyadır", - o deyib.

Səfir bu layihə sayəsində bu sahədəki inkişafın prioritetlərini müəyyən etməyin mümkün olacağını vurğulayıb.

Xatırladaq ki, DB-nin hesabatında Azərbaycanda 2010-2022-ci illər ərzində insan kapitalı indeksinin 50 faizdən 58 faizə yüksəldiyi qeyd olunub.