BAKI,TurkicWorld,Yusif Şərifzadə
Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı zamanı Körfəz regionunda və Ukraynadakı vəziyyəti müzakirə edib.
TurkicWorld xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığında tərəflər Körfəz regionunda baş verən son hadisələr və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Kremlin açıqlamasına görə, Vladimir Putin BƏƏ-yə Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsinin təşkilində oynadığı vasitəçilik roluna görə təşəkkürünü bildirib.
Putin BƏƏ rəhbərliyinin humanitar məsələlərin həllinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Moskva və Əbu-Dabi son illərdə müxtəlif beynəlxalq və regional məsələlər, o cümlədən humanitar təşəbbüslər üzrə əməkdaşlığı davam etdirir.
Telefon danışığının digər təfərrüatları barədə əlavə məlumat açıqlanmayıb.







