BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yerləşən qaçqın düşərgələrində hərbi əməliyyatları genişləndirərək reydləri davam etdirir.
TurkicWorld xəbər verir ki, Qalandiya qaçqın düşərgəsində vəziyyətin gərginləşməsi səbəbindən jurnalistlərin bölgədə işləməsi çətinləşib.
Məlumata görə, bu səhər İsrail ordusunun əməliyyatını işıqlandıran jurnalistlərdən biri hərbçilər tərəfindən döyülüb.
Bildirilir ki, Qalandiya düşərgəsinə reyd ötən gecə yerli vaxtla saat 23:00 radələrində başlayıb və İsrail ordusu əraziyə əlavə qüvvələr göndərib.
Əməliyyat çərçivəsində saxlanılmalar həyata keçirilir. Yerli sakinlər isə reydlərin əsas məqsədinin əhalini qorxutmaq və psixoloji təzyiq göstərmək olduğunu bildirirlər.
İsrailin müdafiə naziri İsrael Kats ordunun artıq mühasirəyə aldığı üç qaçqın düşərgəsinə əlavə olaraq daha bir düşərgədə əməliyyata başlaması barədə göstəriş verdiyini açıqlayıb. Həmin düşərgənin adı açıqlanmayıb.
Məlumata görə, İsrail ordusunun bəzi rəsmiləri əlavə düşərgələrdə uzunmüddətli əməliyyatlar aparmaq üçün kifayət qədər şəxsi heyətin olmadığını bildirirlər.
İsrail tərəfi reydlərin məqsədinin təhlükəsizliyi gücləndirmək və mümkün silahlı hücumların qarşısını almaq olduğunu bəyan edir.
Bununla yanaşı, bölgədəki müşahidəçilər bu əməliyyatların işğal altındakı İordan çayının qərb sahilində gərginliyin daha da artmasının tərkib hissəsi olduğunu və fələstinlilər arasında qorxu yaratmağa xidmət etdiyini bildirirlər.







