BAKI,TurkicWorld,Yusif Şərifzadə
Hörmüz boğazının yenidən təhlükəsiz gəmiçilik üçün açılmasından sonra ərazidə mina təhlükəsinin tam aradan qaldırılması həftələrlə vaxt apara bilər.
TurkicWorld xəbər verir ki, dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mənbələrin məlumatına görə, boğazda təhlükəsizliyin tam təmin olunması məqsədilə həyata keçiriləcək mina axtarışı və təmizləmə əməliyyatları 40-50 gün davam edə bilər.
Mütəxəssislər bildirirlər ki, ənənəvi mina təmizləyən gəmilər və müasir sualtı pilotsuz vasitələrdən istifadə olunacaq əməliyyatlar başa çatmadan bir çox sığorta, gəmiçilik və neft şirkəti bölgədə fəaliyyətini tam bərpa etməyə tələsməyəcək.
Qiymətləndirmələrə əsasən, bu vəziyyət dünya bazarlarına daşınması nəzərdə tutulan on milyonlarla barel neftin hərəkətini ləngidə bilər.
Beynəlxalq Gəmiçilik Şirkətləri Assosiasiyasının təhlükəsizlik məsələləri üzrə rəhbəri Yakob Larsen hazırkı vəziyyətin hələ də yüksək risk daşıdığını bildirib.
Onun sözlərinə görə, gəmiçilik şirkətlərinin əksəriyyəti üçün boğazdan keçidlərə dərhal başlamaq təhlükəli hesab olunur.
Larsen vurğulayıb ki, mina təhlükəsi həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə narahatlıq doğurur.
O qeyd edib ki, bölgədə mina olmayan təhlükəsiz marşrutların müəyyənləşdirilməsi və təsdiqlənməsi əsas prioritet məsələlərdən biridir.







