BAKI,TurkicWorld,Yusif Şərifzadə
Bir sıra Qərb ölkələrinin rəhbərləri İsrailin işğal altında olan İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsi planlarına qarşı birgə mövqe ortaya qoyublar. Bəyanatda planların beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
TurkicWorld xəbər verir ki, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, Avstraliya, Yeni Zelandiya, Norveç və Niderland rəhbərlərinin imzaladığı birgə bəyanatda İsrailin E1 bölgəsində həyata keçirməyi planlaşdırdığı tikinti layihələri tənqid olunub.
Məlumata görə, layihə Qüdsü şərqdə yerləşən Maale Adumim yaşayış məntəqəsi ilə birləşdirməyi nəzərdə tutur və minlərlə yeni yaşayış evinin inşasını əhatə edir. Bəyanat müəllifləri bu təşəbbüsün beynəlxalq hüquqa uyğun olmadığını və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmədiyini bildiriblər.
Birgə açıqlamada İsrail hökuməti yaşayış məntəqələrinin genişləndirilməsini və inzibati nəzarətin artırılmasını dayandırmağa çağırılıb. Həmçinin məskunlaşanlar tərəfindən törədilən zorakılıq halları ilə bağlı məsuliyyət mexanizmlərinin gücləndirilməsi və İsrail qüvvələrinə qarşı irəli sürülən iddiaların araşdırılmasının vacibliyi vurğulanıb.
Sənəddə eyni zamanda İsrail hökumətində bəzi şəxslər tərəfindən səsləndirilən ilhaq və fələstinlilərin məcburi köçürülməsi ilə bağlı çağırışların da qəti şəkildə rədd edildiyi qeyd olunub.






