BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ müdafiə naziri Pit Heqset Konqresdə İranla bağlı hərbi əməliyyatlar və müdafiə büdcəsi ilə əlaqədar keçiriləcək dinləmələrdə qanunvericilərin suallarını cavablandıracaq.
TurkicWorld xəbər verir ki, Nümayəndələr Palatası və Senatın müdafiə xərclərinə nəzarət edən alt komitələri Tramp administrasiyasının 2027-ci il üçün nəzərdə tutduğu 1,5 trilyon dollarlıq rekord hərbi büdcə layihəsini müzakirəyə çıxaracaq. Lakin dinləmələr zamanı əsas diqqətin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara yönələcəyi gözlənilir.
Məlumata görə, bəzi respublikaçı konqresmenlər münaqişənin uzanması və Konqresin rəsmi təsdiqi olmadan aparılması ilə bağlı narahatlıqlarını ifadə etməyə hazırlaşırlar. Eyni zamanda, İranla qarşıdurmanın enerji bazarına təsiri və yanacaq qiymətlərindəki artımın ABŞ-də keçiriləcək aralıq Konqres seçkiləri öncəsi Respublikaçılar Partiyası üçün siyasi risk yaratdığı bildirilir.
Pit Heqsetin ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Den Keyn ilə birlikdə çıxış edəcəyi gözlənilir. Müdafiə nazirinin çıxışı zamanı pilotsuz uçuş aparatları, döyüş gəmiləri və raketdən müdafiə sistemləri üzrə ehtiyatların azalmasına diqqət çəkəcəyi və əlavə maliyyələşdirmə ehtiyacını vurğulayacağı qeyd olunur.







