BAKI, TurkicWorld, AzerVoice Analitik Təhlil Mərkəzi Dr.Ramin Vəkilov
Öldükdən sonra insanın təkrara dünyaya başqa bir bədənlə geri dönməs qərb dillərində latın mənşəli söz olan reinkarnasıya kəlməsi ilə ifadə olunmaqdadır. Bu dilimizə “yenidən bədənə girmək” mənasına gəlməkdədir. İslam düşüncə tarixində isə bu məsələ “tənasüx” olaraq adlanmışdır. Tənasüx dilimizdə mövcud olan nüsxə kəlməsi ilə eyni kökdən olub, “bir şeyi olduğu kimi başqa yerə nəql etmək, köçürmək” mənalarına gəlməkdədir. Toplumumuzda bəzən bu barədə suallar şıxıdığı üçün bu məslənin İslam dini nöqteyi nəzərindən qısa şəkildə aydınldılmasına ehtiyac duyduq.
Tənasüx bəzi Yunan filisoflarının düşüncələrindən tutmuş qədim Misir İran, Hind dinlərində, bəzi Afrika xalqlarının inanşlarında mövcud olmuşdur. Məsələn Yunan filosofu Platon insan ruhunun həqiqəti qavrama dərəcəsinə uyğun şəkildə fərqli bədənlərə keçəcəyini söyləməkdə idi. Onun düşüncəsinə görə həqiqəti zəif qavrayan ruhlar yenidən həyata gəldiklərində zalım hökmdarlar olacaqlar. Həqiqətdən bütünlüklə xəbərsiz ruhlar isə təkrar həyatlarına heyvan və həşəratlar olaraq davam edərlər. Buna bənzər bir düşüncə tərzi Hinduizm dininin müqəddəs mətinləri olan Upanişadlarda da mövcuddur.[1] Bunun yanında Yahudilikdəki misitik Qabbala ənənəsində və Hasidilikdə də “yaradılış məqsədini tamamalamamış ruhların təkrar dünyaya gəlməsi” anlamına gələn “qilqul” düşüncəsi vardır.[2] Deyə bilərik ki,tənasüx görüşü zaman və məkandan asılı olmayaraq dünyanın fərli yerlərində yaşayan fərqli fəlsəfi və dini quruplar tərəfindən mənimsənmişdir. Bunun ilk başlanğıcda əslinin hansı mədəniyyətdən qaynaqlandığı və dünyaya yayıldığı haqqında müxtəlif görüşlər vardır. Bəziləri tənasüx düşüncəsinin qədim Misirdə çıxıb oradan Yunan dünyasına yayıldığını söyləyir. Misir elm ənənəsi ilə güçlü əlaqəsi olan Pifaqorun tənasüx düşüncəsini mənimsədiyi bunun bir göstərgəsi ola bilər. Bəzi elm əhli bunu əsas gətirərək reinkarnasiya düşüncəsinin qaynağı olaraq qədim Misiri göstərmişlər. Bəziləri isə bununla əlaqəli qədim inançlarını nəzərə alaraq Hind dinlərini tənasüxün mənşəyi olduğunu iddia etmişər.
Tənasüx və İslam düşüncəsi
Müsəlman alimlər tənasüx düşüncəsi ilə erkən dönəmlərdən etibarən tanış idilər. Şəhristani İbn Həzm kimi dinlər tarixi sahəsində əsər vermiş alımlər bu düşüncənin daşıyıcılarrı haqqında öz kitablarında bəhsetməkdə idilər. Əbu Reyhan əl-Biruni (ö. 453/1061) dünyada ilk hindoloji əsəri sayılan özünün məşhur Təhqiq ma lil-Hind adlı kitabında hindu dinindəki bu inanç haqqında bilgi verərək belə deməkdədir: “Necə ki, kəlimeyi tövhid (lə ilahə illəllah) müsəlmanların şüarı, təslis xristinalarığın, Şabat yəhidilərin əlaməti sayılırsa eləcə də tənasüx hind inancının nişanəsidir.”.
Tənasüx görüşü İslam aləmində bəzi münfərid fikir adamları ilə yanaşı sonradan meydana çıxmış ifrat şiə (ğulatu-şia) quruplar arasında da fərqli şəkillərdə mənimsənmişdir. Nüseyrilik, Dürzilik, kimi qurupların inanc sistemlərində bir şəkildə reakarnasyon fikri müşahidə edilməkdədir. Bu quruplar öz imamlarının başqa bədənlərdə yenidən dünyaya gəlmiş olduqlarına inanmaqda idilər.
İslam fikir tarixində tənasüx görüşünü mənimsəmiş ən tanınmış sima deist filisof və təbib Əbu Bəkr Razidir (ö. 313/925). Dinlər və peyğəmbərlər haqqında İslamın təməl görüşlərinə zidd fikirlər mənsəmiş və eyni zamanda Yunan fəlsəfəsindən də böyük ölçüdə təsrlənmiş Razinin tənasüx görüşü Platonunkuna bənzərdir. Eyni zamanda adi insanların peyğəmbərlərdən üstün ola biləcəyi görüşünü mənimsəməsi və İsa aleyhissəlamın Tanrının oğlu olduğuna inanması ilə İslam dairəsəindən uzaqlaşmış, əvvəllər mötəzili olmuş Əhməd b. Xabit (ö. 232/846-47) və tələbəsi Fəzl əl-Hədəsinin də tənasüx düşüncəsini qəbul etdikləri bildirilmişdir. Bu kimi bir neçə filosof və fikir adamının İslam düşüncə tarixində tənasüx görüşünü mənimsəməsi bildirilməkdədir. İslam dünyasında istər fərdi, istərsə də məzhəbi səviyyədə ortaya çıxan tənasüx nümunələrinə baxıldıqda, bunların İslamın təməl teologiyasından deyil, daha çox başqa mədəniyyət və düşüncə sistemlərinin təsirindən qaynaqlandığı açıq şəkildə görünür İslam aləminin dini fəlsəfi dünya görüşləri ilə yəni yəhudi, Hind, İran, Yunan kimi düşüncə sistemləri ilə təması nəticəsində onarda mövcud olan bir başqa fikirlər kimi tənasüx də müsəlmanların düşüncə sisteminə sızmışdır.
İslam inancına görə ölüm və axirət
İlk öncə onu qeyd edək ki, İslam inancına görə ölümdən sonra insanın başına nəyin gəlməsi qeybi məsələdir. Yəni əqlin sərhədlərinin kənarında olduğu üçün bu kimi məsələlərdə bilginin əldə edilməsi sadəcə vəhiylə, yəni Allahın peyğəmbərinə xəbər verməsi ilə mümkündür. Daha dəqiq ifadə ilə desək ölümdən sonra bu dünyaya təkrar gəlib gəlməməyimiz haqqında bizə bilgi verəcək ən mötəbər qaynaq Allahın kitabı yəni Qurani-Kərimdir. Quran isə təqdim etdiyimiz aşağıdakı ayətlə də sabit olduğu üzrə ölənlərin təkrar dünyaya gəlməsinin mümkün olmadığını iman edənlərə bildirməkdədir:
Nəhayət, onlardan birinə ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm. Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (Allahın hüzurunda) duracaqları günə qədər bərzəx aləmi vardır. (Muminin 99-100).
Bu ayətdə kafirlərin təkrar dünyaya qayıtmaq arzusunun mümükün olması ərəbcədə qəti inkar bildirən bir kəlimə (kəllaa) ilə bildirilməklə birlikdə bunun boş bir söz olduğuna da işarət edilmişdir. Allah bu ayətdə iman edənlərin ruhlarının öldükdən sonra qiyamtə gününə qədr bir gözləmə məkanı olan bərzəxdə olacaqlarını bildirməkdədir. Yəni Qurana görə ölmüş insanların təkrar dünyaya gəlməsi bir mənalı olaraq batildir. Ruhları bədənlərini tərk edib ölüm meydana gəldikdən sonra bizlər bərzəx aləmində haq-hesaba çəkiləcəyimiz qiyamət gününü gözləyərik. Sonra qiyamət günündə Allah qarşısında hesaba çəkilərik:
Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. (İsra 13)
O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər . Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır. (Zəlzələ, 6-8)
Qiyamət günündən sonra yəni Allahın hüzurunda haq-hesab verdikdən sonra mömin və əməli salehlər cənnətə kafir və fəsad əhli isə cəhnnəmə yollanacaqlar:
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. Onların Rəbbinin yanındakı mükafatı (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələrdən ötrüdür! (Bəyyinə, 7-8)
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, (gəlmişdi!)” – deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi. (Zümər, 71)
Bütün bu dediklərimizin yekunu olaraq deyə insan bu imtahan dünyasına bir dəfə gəlməkdədir. Öldükdən sonra təkrar dünyaya qayıtmaq yoxdur. İnan öldükdən sonra birdə qiyamət günü dirildilərək Rəbbinə bu dünyadaki əməllərinə görə cavab verəcəkdir. Yaxşılar cənnətlə mükafatlandırlacaq, pislər isə cəhənnəmlə cəzalandırılacaqdır.
Biz müsəlmanlar bu şəkildə iman etməkdəyik…
İstifadə olunan ədəbiyat
Ali İhsan Yitik, “Tenasüh”, TDV İslam Ansiklopedisi.
Biruni, “Təhqiq ma lil-Hind”.
Əsfərayini, “Təbsir fid-Din”
İbn Həzm, “əl-Fəsl fil-Miləl”
İbn Mənzur “Lisanül-Ərəb”
Şəhristani, “Miləl vən-Nihəl”
[1] Hind dinlərində tənasüx inancı ilə əlaqəli olaraq bax. Əbu Reyhan əl-Biruni, Təhqiq ma lil-Hind. (Beyrut: Aləmül-Kitab, 1403), 39-45.
[2] Ali İhsan Yitik, “Tenasüh”, TDV İslam Ansiklopedisi, 40, (İstanbul: TDV Yayınları 2011), 441-443.
[3] Şəhristani, Miləl vən-Nihal, (y.y.: Müəssəsətül0Hələbi, t.y.), 1: 101, 152 174. İsalam dünyasında tənasüx düşüncəsini qəbul edənlər haqqında bax. İbn Həzm, əl-Fəsl fil-Miləl və əhvain-Nihal (Qhirə: Məktəbətül-Xancı, t.y.), 1: 76-79.
