Azərbaycan dünya ictimaiyyətinin diqqətini işğaldan azad edilən ərazilərdəki çayların çirklənməsinə yönəltməyə çalışır - Nazir

Azərbaycan dünya ictimaiyyətinin diqqətini işğaldan azad edilən ərazilərdəki çayların çirklənməsinə yönəltməyə çalışır - Nazir

Azərbaycan dünya ictimaiyyətinin diqqətini erməni işğalından azad etdiyi ərazilərdəki çayların çirklənməsinə yönəltməyə çalışır.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Brüsseldə yerləşən "EUobserver" onlayn qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Azərbaycan bu gün su çatışmazlığı və azad edilmiş ərazilərdən axan çayların çirklənməsi ilə üzləşir.

"Oxçuçay Ermənistanda beynəlxalq şirkətlər tərəfindən istismar olunan sənaye müəssisələri tərəfindən axıdılan ağır metallar və təhlükəli maddələrlə çirklənib. Oxçuçay Zəngilan rayonunun ərazisindən keçərək Araza tökülür. Mən beynəlxalq ictimaiyyətə bu çirklənmənin qarşısını almağa kömək göstərməsi üçün çağırış etmişəm, lakin hələlik nəticə yoxdur. Əhali işğaldan azad edilmiş ərazilərdəki evlərinə qayıdanda onların təhlükəsiz şəraitdə yaşaması son dərəcə vacibdir”, - deyə o bildirib.

Nazir, həmçinin bildirib ki, Azərbaycan iqlimlə bağlı hadisələri və riskləri müəyyən etmək üçün regional erkən xəbərdarlıq sistemi yaratmaq istəyir.

"Qonşularla daha yaxşı məlumat mübadiləsi və əlaqələndirilmiş fəaliyyət iqlim dəyişikliyinin bəzi təsirlərinə qarşı dayanıqlılığı gücləndirə bilər. Heç bir ölkə bu problemlərin öhdəsindən təkbaşına gələ bilməz", - M.Babayev deyib.