Son dəqiqə

Qazaxıstan Muxtar Babayev Kasım-Jomart Tokayev COP29

Azərbaycan Xəzərin qorunması üzrə Qazaxıstanın təşəbbüsünü alqışlayır

BAKI,TurkicWorld

Azərbaycan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Xəzər dənizinin su ehtiyatlarının qorunmasına dair dövlətlərarası proqramın hazırlanması üzrə təşəbbüsünü alqışlayır.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Astanada keçirilən "Regional Ekoloji Sammiti 2026"da (RES 2026) çıxışı zamanı deyib.

"UNEP ilə əməkdaşlığa görə minnətdarıq, lakin bu məsələdə BMT sisteminin bütövlükdə iştirakı, eləcə də beynəlxalq maliyyə institutlarının, donorların və ekspert icmasının cəlb olunması zəruridir. Bu cür dəstək regionumuzun gələcəyi, həmçinin daha geniş miqyasda sabitlik və rifah üçün son dərəcə önəmlidir",- M.Babayev bildirib.

O qeyd edib ki, Azərbaycan bu mövzunu qlobal gündəmdə irəli aparmaq və Xəzəryanı icmaların maraqlarını qorumaq üçün qonşu ölkələrlə birgə fəaliyyətini davam etdirəcək.

"Artan böhrana etinadsız yanaşılmasına imkan verməyəcəyik və bütün tərəfdaşları, Xəzəryanı dövlətləri və beynəlxalq təşkilatları sözlərdən praktik addımlara keçməyə çağırırıq", – deyə Prezidentin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, sammitin açılışında çıxış edən Prezident Kasım-Jomart Tokayev Qazaxıstanın Xəzər dənizinin daha da deqradasiyasının qarşısının alınmasına yönəlmiş dövlətlərarası proqram irəli sürdüyünü və regional elmi əməkdaşlığın inkişafı üçün Xəzər dənizi Elmi-Tədqiqat İnstitutunun yaradıldığını bildirib.

Mövzuya görə xəbərlər