Son dəqiqə

Peru arxeoloji tədqiqatlar Qədim Peru tarixi arxeoloji kəşf Caral sivilizasiyası Peru arxeologiyası qədim şəhər kəşfi dini və mədəni əhəmiyyət

Yeni arxeoloji kəşf - Qədim Amerika sivilizasiyasına dair izlər aşkarlanıb

BAKI, TurkicWorld

Peruda 3500 illik qədim şəhər aşkarlanıb- Caral sivilizasiyasının davamı hesab olunur.

TurkicWorld xəbər verir ki, Perunun şimalındakı Barranka bölgəsində aparılan qazıntılar nəticəsində eramızdan əvvəl 1800-1500-cü illərə aid qədim “Peñico” şəhəri aşkarlanıb.

Arxeoloqlar bu şəhəri Amerikanın ilk və ən qədim sivilizasiyası olan Caralın varisi hesab edirlər.

Peniko şəhəri Sakit okean sahillərində, And dağları və Amazon hövzəsi arasında yerləşən icmaları birləşdirən strateji ticarət və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərib. Şəhərin yerləşdiyi ərazi paytaxt Lima şəhərindən 200 kilometr şimalda, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşir.

Arxeoloqların səkkiz illik araşdırmaları nəticəsində 18 müxtəlif tikili – mərasim məbədləri, yaşayış kompleksləri və ictimai binalar aşkarlanıb. Şəhərin mərkəzində yerləşən dairəvi tikili xüsusilə diqqət çəkib.

Qazıntılar zamanı gildən hazırlanmış insan və heyvan fiqurları, dəniz qabıqlarından düzəldilmiş boyunbağılar və digər mərasim əşyaları aşkar olunub. Bu tapıntılar Penikonun təkcə iqtisadi deyil, həm də dini və mədəni əhəmiyyətə malik olduğunu sübut edir.

Qeyd edək ki, bu araşdırmalara rəhbərlik edən Dr. Ruth Shady eyni zamanda 1990-cı illərdə Caral şəhərinin qazıntılarını aparan mütəxəssisdir. O, Penikonun Caralın dağılmasından sonra cəmiyyətin yeni yaşayış məskəninə köçünü anlamaq baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Peru Mədəniyyət Nazirliyi isə Penikonu “Caral sivilizasiyasının davamı olan şəhər” kimi təqdim edərək, bu kəşfin ölkənin qədim tarixi irsinə yeni bir qat əlavə etdiyini bəyan edib.

Qeyd edək ki, Peru dünyanın ən zəngin arxeoloji irsə malik ölkələrindən biridir və Maçu Pikçu, Nazka xətləri kimi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan bir çox əhəmiyyətli arxeoloji abidəyə ev sahibliyi edir.

Mövzuya görə xəbərlər