Bakı. TurkicWorld:
Alimlər bərpa olunan enerji mənbələrinə keçiddə böyük sıçrayış yaradacaq elektrik enerjisini maye yanacaqlarda saxlamağın yolunu kəşf edib.
TurkicWorld xəbər verir ki, bu kəşf elektrik enerjisini maye hidrogen içində saxlamağa və sərbəst buraxılmasına imkan verən “sehrli” qatqı maddəsinə əsaslanır.
Həddindən artıq istehsal dövrlərində enerjinin saxlanmasına və hasilat azaldıqda yenidən şəbəkəyə göndərilməsinə imkan verən batareyalar, günəş və külək enerjisindən maksimum dərəcədə istifadə edə bilmək üçün lazımdır.
Belə ki, noutbuklardan tutmuş elektrik nəqliyyat vasitələrinə qədər hər şeydə mövcud olan litium-ion batareyalarının belə geniş miqyaslı məqsədlər üçün baha başa gəlməsi elm adamlarını alternativ sistemlər axtarmağa vadar edib.
ABŞ-ın Stenford Universitetinin bir qrup tədqiqatçısı bərpa olunan enerjinin saxlanması vasitəsi kimi maye üzvi hidrogen daşıyıcılarından (Liquid Organic Hydrogen Carriers, LOHC-lər) istifadə etməyin yeni üsulunu ortaya çıxarıb. LOHC-lər və ya tədqiqatçıların sözü ilə maye batareyalar, katalizatorlar və yüksək temperaturdan istifadə edərək hidrogeni saxlayır və lazım olduqda onu elektrik enerjisi kimi kənara buraxır.
Stenford Universitetinin Humanitar və Təbiət Elmləri fakultəsində kimya professoru olan Robert Waymouth “Elektrik şəbəkəsi enerjini istehsal etdiyiniz nisbətdə istifadə edir və əgər siz o anda istifadə etmirsinizsə və onu saxlaya bilmirsinizsə, onu atmağınız lazımdır”- deyə açıqlama verib.
“Biz maye yanacaqlarda elektrik enerjisinin seçici olaraq konvertasiyası və uzunmüddətli saxlanması üçün yeni strategiya işləyib hazırlayırıq. Biz həmçinin hidrogen istehsal etmədən qaz halında elektrik enerjisini maye yanacaqda saxlamaq üçün yeni, seçici katalitik sistem də kəşf etmişik” – deyə professor əlavə edib.
Bu kəşf “Journal of the American Chemical Society” adlı beynəlxalq jurnalda dərc olunan “Cobaltocene-Mediaated Catalytic Hydride Transfer: Strategies for Electrocatalytic Hydrogenation” başlıqlı məqalədə təfərrüatlı şəkildə izah edilmişdir.