BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Milli Müdafiə Nazirliyi Qara dəniz üzərində aşkar edilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı prosesin tam nəzarət altında və uğurla başa çatdırıldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, Nazirlik bu barədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Bildirilib ki, 15 dekabr 2025-ci il tarixində Qara dəniz istiqamətindən Türkiyə hava məkanına yaxınlaşan PUA müəyyən edildikdən dərhal sonra mövcud qanunvericilik və standart əməliyyat prosedurları çərçivəsində bütün aidiyyəti bölmələr tərəfindən aşkarlama, identifikasiya və müşahidə prosesi başladılıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, vəziyyətin qiymətləndirilməsindən sonra hava məkanının təhlükəsizliyini və mülki əhalinin həyat və əmlakının qorunmasını təmin etmək məqsədilə idarəetmədən çıxmış PUA Türkiyəyə məxsus F-16 qırıcıları tərəfindən müşayiət edilib və zəruri prosedurlar tamamlandıqdan sonra ən uyğun ərazidə nəzarətli şəkildə vurulub.
Türkiyə MN vurğulayıb ki, hava məkanı ilə bağlı bütün qərarlar mülki aviasiya da daxil olmaqla uçuş təhlükəsizliyi prinsipləri, yaşayış məntəqələri üçün risklərin minimuma endirilməsi və mövcud məlumatların kompleks təhlili əsasında qəbul edilir.
Açıqlamada qeyd olunub ki, vurulan PUA havada parçalanaraq geniş əraziyə yayılıb və bu səbəbdən bütöv və ya iri qalıqların aşkar edilməsi çətinləşib. Axtarış və texniki araşdırma işlərinin aidiyyəti bölmələr tərəfindən diqqətlə davam etdirildiyi bildirilib.
Nazirlik əlavə edib ki, Türkiyənin hava məkanına nəzarət 24/7 rejimində radarlar, erkən xəbərdarlıq sistemləri, radioelektron mübarizə vasitələri və ələkeçirmə imkanlarını əhatə edən çoxsəviyyəli inteqrasiya olunmuş arxitektura əsasında həyata keçirilir. Hava hücumundan müdafiə sistemlərinin əsas məqsədi hava məkanına daxil olan obyektlərin vaxtında aşkarlanması, tanınması, izlənməsi və zərərsizləşdirilməsidir.
Türkiyə MN baş verənlərlə bağlı spekulyativ və dezinformasiyaya əsaslanan iddialara etibar edilməməsinin vacibliyini də vurğulayıb.
“PUA ilə bağlı proses uğurla idarə olunub və tamamlanıb. Hava hücumundan müdafiə sistemlərimizin zəifliyi ilə bağlı iddialar həqiqətə uyğun deyil”, – deyə nazirliyin açıqlamasında bildirilib.