BAKI,TurkicWorld, Orxan Qədirzadə
İraq hökuməti “Qərbi Qurna–2” neft yatağının operatorunun milliləşdirilməsini təsdiqləyib. Qərara əsasən, aktivin idarə olunması 12 ay müddətinə dövlətə məxsus Basra Oil şirkətinə verilir.
TurkicWorld-un verdiyi məlumata görə şirkətə yaxın iki mənbə bildirib ki, addım ABŞ sanksiyaları ilə bağlı qeyri-müəyyənlik fonunda atılıb. Keçid dövründə İraq tərəfi hasilatın sabit saxlanılmasını təmin etməyi və “Lukoil”in payı üçün potensial alıcıların axtarışını planlaşdırır.
Basra Oil nümayəndəsinin sözlərinə görə, əsas məqsəd keçid müddətində yatağın fasiləsiz fəaliyyətinin qorunmasıdır.
“Qərbi Qurna–2” dünyanın ən iri neft yataqlarından biri hesab olunur. Yataq qlobal neft tədarükünün təxminən 0,5 faizini, İraq üzrə ümumi hasilatın isə 9 faizini təmin edir.
Xatırladaq ki, noyabrda “Lukoil” sanksiya məhdudiyyətləri səbəbindən İraq hakimiyyətinin şirkətlə nağd və neftlə hesablaşmaları dayandırmasından sonra yataqda fors-major elan etmişdi. Bu, müqavilənin əvvəlki formatda icrasını mümkünsüz edib.
ABŞ oktyabrın sonunda “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib. Tələblərə görə, şirkətlər 17 yanvar tarixinədək xaricdəki aktivlərdən çıxmalıdır.
“Lukoil” “Qərbi Qurna–2”nin işlənməsi hüququnu 2009-cu ildə alıb, kommersiya hasilatı isə 2014-cü ildə başlayıb.
İdarəetmənin Basra Oil-ə keçməsindən sonra dövlət şirkəti əməkhaqlarının ödənilməsini, podratçıların fəaliyyətini və əməliyyat xərclərini üzərinə götürəcək.
İraq tərəfi bildirib ki, yataqda hasilat gündə 465–480 min barel səviyyəsində sabit qalır.
Qeyd olunur ki, “Lukoil”in xarici aktivlərinin alınmasına maraq göstərən bir neçə neft və investisiya şirkəti var. Son təkliflərdən biri şirkətin bütün xarici aktivlər portfelinin — hasilat layihələri, neft emalı zavodları, yanacaq anbarları və Avropa, Asiya, ABŞ və Yaxın Şərqdə 2000-dən çox yanacaqdoldurma məntəqəsinin — alınmasını nəzərdə tutur.