BAKI,TurkicWorld, Orxan Qədirzadə
9 yanvar 2007-ci ildə Apple şirkətinin baş icraçı direktoru Stiv Cobs San-Fransiskoda keçirilən Macworld sərgisində ilk iPhone-u təqdim edib. Sensor ekranlı mobil telefon iPod, kamera və internet brauzerini bir qurğuda birləşdirərək mobil texnologiyalar sahəsində dönüş nöqtəsi yaradıb.
Ənənəvi cins şalvar və qara boğazlı sviter geyimində səhnəyə çıxan Stiv Cobs iPhone-u “inqilabi və sehrli məhsul” adlandıraraq onun mövcud mobil telefonlardan “ən azı beş il qabaqda” olduğunu bildirib.
iPhone ABŞ-da 29 iyun 2007-ci ildə satışa çıxarılıb. Böyük maraq fonunda minlərlə insan ilk cihazı əldə etmək üçün Apple mağazaları qarşısında uzun növbələrə dayanıb. İlkin mərhələdə telefon 4 GB yaddaşlı (499 dollar) və 8 GB yaddaşlı (599 dollar) versiyalarda təqdim olunub.
2007-ci ilin noyabrına qədər iPhone satışları 1,4 milyon ədədə çatıb və Time jurnalı cihazı “İlin ixtirası” elan edib. iPhone həmin ilin sonlarında Avropada, 2008-ci ildə isə Asiya ölkələrində satışa çıxarılıb.
2008-ci ilin iyulunda Apple App Store-u istifadəyə verib. Bu platforma istifadəçilərə oyunlar, sosial şəbəkələr, səyahət planlaşdırılması və digər tətbiqləri yükləmək imkanı yaradaraq smartfon anlayışını köklü şəkildə dəyişib. Sonrakı illərdə iPhone-un 10-dan çox yenilənmiş modeli təqdim olunub.
iPhone-un uğuru Apple-ı dünyanın ən dəyərli şirkətlərindən birinə çevirib. 2012-ci ilə — təqdimatdan beş il sonra — dünya üzrə 200 milyondan çox iPhone satılıb.