Celal Korkut

DHApress.com Azərbaycan-Türkiyə dostluğunun media sahəsindəki ilk addımıdır - Baş direktor Celal Korkut

Bakı. TurkicWorld:

DHA-nın xaricə açılan qapısı...

TurkicWorld xəbər verir ki, Demirören İnformasiya Agentliyinin (DHA) baş direktoru Celal Korkut DHA Türkiyənin dörd bir tərəfinə yayılan xəbər şəbəkəsi ilə abunəçilərinə ən doğru, keyfiyyətli, ən obyektiv xəbər və görüntüləri çatdırmaq üçün yayım sistemini tamamilə yenilədiyi ilə bağlı rəsmi feysbuk hesabında yazdığı statusda DHApress.com-un əhəmiyyəti ilə bağlı fikirlərinə bu cür başlayır.

Celal Korkut yenilənən DHA-nın çevrəsinin böyüməsi və daha böyük auditoriyanı əhatə etməsində TREND Beynəlxalq İnformasiya Agentliyi ilə birgə yaradılan DHApress.com saytının fəaliyyətinə xüsusilə diqqət ayırıb. DHA-nın baş direktoru Azərbaycan və Türkiyənin medai sahəsindəki bu ilk böyük iş birliyini sosial şəbəkə hesabında bu şəkildə qeyd edib:

"Azərbaycandakı tərəfdaşımız, ölkənin ən böyük özəl xəbər agentliyi olan Trend ilə birgə idarə etdiyimiz və yaradılması mərhələsi yanvar ayında başa çatan www.dhapress.com saytımız artıq tam fəaliyyət göstərir.

Dhapress.com həm də Azərbaycan-Türkiyə dostluğunun media sahəsində ilk addımı olmaq xüsusiyyətinə malikdir".

C.Korkut Dhapress.com-un Türkiyə üçün əsas hədəfi ilə bağlı bunları qeyd edib:

"Dhapress.com-da biz əsasən beynəlxalq medianı hədəfləyirik. DHA-nın gündəlik tirajladığı orta hesabla 500 xəbəri kateqoriyalara bölüb, dünyanın diqqətini çəkəcək siyasət, iqtisadiyyat, səhiyyə, idman və mədəniyyət/incəsənət sahələrinə aid olan xəbərləri saytımız vasitəsi ilə dünyanın müxtəlif coğrafiyalarına çatdırırıq. Hazırda Azərbaycan dili, türkcə və ingilis dillərində xəbər istehsal edən Dhapress, orta müddətli dövrdə fransız, rus və alman dillərində də xəbər istehsalına başlayacaq. Oxucularımız təkcə gündəlik eksklüziv xəbərlər əldə etməklə kifayətlənməyəcək, onlar həmçinin DHA-nın keyfiyyətli və çox böyük arxivinə daxil olmaq imkanı əldə edəcəklər".

Celal Korkut "Artıq abunəçilərimiz dəqiq, obyektiv, ətraflı xəbərləri və daha keyfiyyətli görüntüləri indi daha asan və tez əldə edə biləcəklər", - deyə bildirib.

Baş direktor fikirlərinə "DHA olaraq illərdir istifadə edilən və texniki cəhətdən köhnəlmiş YHS və DGS xəbər sistemlərini tamamilə bağladıq. Abunəçilərimizə xəbər və şəkillər göndərdiyimiz bu sistemləri bir dam altında toplayaraq yenilədik. Yeni hazırlanmış veb interfeysimizlə abunəçilərimiz artıq bir ekranda foto və videolarla xəbərlərimizə daxil ola biləcəklər", - sözləri ilə davam edib.

Celal Korkut statusunu "DHA olaraq yaxşı və düzgün jurnalistika ilə məşğuluq. Bunu dha.com.tr və digər sosial media hesablarımızda, eləcə də media qurumlarında hər kəs görür və şahid olur. Onların hamısı sizə bir "klik" qədər yaxındır", - fikirləri ilə yekunlaşdırıb.

Mövzuya görə xəbərlər