Trend BiA və DHA-nın yeni birgə portalı bütün türk dünyasından məlumatlar təqdim edəcək - Celal Korkut

Trend BiA və DHA-nın yeni birgə portalı bütün türk dünyasından məlumatlar təqdim edəcək - Celal Korkut

Bakı. TurkicWorld:

Şuşa Qlobal Media Forumu çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu Demirören İnformasiya Agentliyinin (DHA) birgə layihəsi olan "www.dhapress.com"un təqdimatı həyata keçirilib.

TurkicWorld-un məlumatına görə, tədbirdə çıxış edən Demirören İnformasiya Agentliyinin (DHA) baş direktoru Celal Korkut iki ölkənin aparıcı media qurumu arasındakı bu iş birliyi barədə fikrilərini qeyd edərkən bildirib ki, qardaş Azərbaycan bizim üçün çox dəyərlidir. Bu səbəbdən bir çox sahələrdə olduğu kimi media sektorunda da əməkdaşlıq edirik.

"Ötən il Azərbaycanın ən nüfuzlu agentliyi olan Trend İnformasiya agentliyi ilə birgə layihələrin hazırlanması üçün protokol imzaladıq. dhapress.com saytı bizim vitrinimiz olacaq. Burada təkcə Türkiyə və Azərbaycandan deyil, bütün dünyada baş verən mühüm hadisələri və xəbərləri əldə edə biləcəksiniz. Saytımızda yalnız iki ölkədəki xəbərlər yer almayacaq. Biznes, mədəniyyət və incəsənət xəbərlərindən səhiyyə, təhsil və idmana qədər hər sahədən məlumat əldə edə biləcəksiniz",- deyə o bildirib.

C.Korkut həmçinin vurğulayıb ki, dünyanın hər yerindən müraciət edə biləcəyiniz dhapress.com təkcə Türkiyə və Azərbaycanın deyil, bütün türk cümhuriyyətlərinin səsini dünyaya çatdıran platformadır.

"Bu baxımdan biz digər türk cümhuriyyətləri ilə əməkdaşlıq üçün fəaliyyətimizi davam etdiririk. Rəqəmsallaşmış media dünyasında dəqiq və keyfiyyətli xəbərlərə ən sürətli şəkildə çatmaq üçün hər kəsi dhapress.com-da görüşməyə dəvət edirəm",- deyə o bildirib.