Danimarka XİN İslam ölkələrindən üzr istəyib

Danimarka XİN İslam ölkələrindən üzr istəyib

Bakı. TurkicWorld:

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen, Danimarkanın paytaxtı Kopenhagendə İslam ölkələrindən üzr istəyib.

TurkicWorld-un məlumatına görə, İslamofobiyanın yüksək həddə çatdığı Avropada, Quranı hədəf alan hücumlar davam edir. Təxribatçıların yuva qurduğu İsveç və Danimarkada hücumlar davam edərkən, Danimarkadan mövzu ilə bağlı yeni açıqlama gəlib.

Daha əvvəl Quranın qadağan edilməsi üçün addımlar atılacağını bildirən Danimarka hökuməti bu dəfə üzrxahlıqla İslam dünyasının qarşısına çıxıb. Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen, Danimarkanın paytaxtı Kopenhagendə Əlcəzair də daxil olmaqla bəzi İslam ölkələrinin səfirlikləri qarşısında Qurana edilən hücumlara görə üzr istəyib və peşman olduğunu bildirib.

Danimarka xarici işlər naziri Rasmussen əlcəzairli həmkarı Əhməd Attaf ilə telefon danışığı aparıb. Görüş zamanı danimarkalı nazir bəzi İslam ölkələrinin səfirlikləri, o cümlədən Əlcəzairin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına qarşı törədilən cinayət dalğasına görə təəssüfləndiyini bildirib.

Bu hərəkətlərin qəbuledilməz olduğunu vurğulayan nazir Rasmussen sözügedən hücumların Danimarka cəmiyyətinin tolerantlıq ənənəsini tamamilə pozduğunu qeyd edib. Rasmussen hökumətinin bu çirkin əməllərə son qoymağı hədəfləyən qanun layihəsinə son nöqtəni qoyduğunu, bu qanun layihəsini parlamentə təqdim edəcəyini bildirib.

Xatırladaq ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani Kərimi və İraq bayrağını tapdalayaraq islam dinini təhqir edib.

11-12 avqust tarixlərində isə Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.

Aytac Süleymanova

Twitter: a_alieva_