BAKI,TurkicWorld,Vüsalə Əzimzadə
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış “Məkkə Birgə Müdafiə Sazişi” çərçivəsində yaradılan Siyasi və Müdafiə Strategiyası Komitəsinin ilk iclası bu gün İstanbulda keçirilir.
İclasda üç ölkənin xarici işlər və müdafiə nazirləri, eləcə də Baş Qərargah rəisləri iştirak edir. Səudiyyə Ərəbistanını xarici işlər naziri Feysəl bin Fərhan, müdafiə naziri Xalid bin Salman və Baş Qərargah rəisi Feyyad bin Həmid ər-Ruveyli, Türkiyəni Hakan Fidan, Yaşar Gülər və Selçuk Bayraktaroğlu, Pakistanı isə Məhəmməd İshaq Dar, Xavaca Məhəmməd Asif və Asim Münir təmsil edir.
Görüşdə beynəlxalq təhlükəsizlik məsələləri, müdafiə imkanlarının inkişaf etdirilməsi və üç ölkənin silahlı qüvvələri arasında operativ səviyyədə inteqrasiyanın gücləndirilməsi müzakirə olunur. Həmçinin müdafiə sənayesində birgə istehsal və tədqiqat-inkişaf layihələri, eləcə də terrorla mübarizədə əməkdaşlığın genişləndirilməsi gündəmdədir.
İclas zamanı komitənin fəaliyyət sahələri üzrə işi istiqamətləndirəcək katibliyin və digər mexanizmlərin yaradılması, həmçinin gələcək addımlar üçün yol xəritəsinin müəyyənləşdirilməsi gözlənilir.
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan “Məkkə Birgə Müdafiə Sazişi”ni avqustun 7-də Məkkədə imzalayıb. Saziş qarşılıqlı çəkindirmə, koordinasiya və müdafiə sahəsində inteqrasiyaya əsaslanan uzunmüddətli tərəfdaşlığın qurulmasını, həmçinin regional və beynəlxalq təhlükəsizlik və sabitliyin gücləndirilməsini nəzərdə tutur.







