Son dəqiqə

Xüsusi günlər

ASALA-nın Esenboğa hava limanında törətdiyi terror aktından 41 il ötür

Bakı. TurkicWorld:

1982-ci il avqustun 7-də Ankaradakı Esenboğa beynəlxalq hava limanında ASALA tərəfindən terror aktı həyata keçirilib.

Terror aktının birbaşa icraçıları Zöhrab Sarkisyan və Levon Əkməkcyan olublar. Onlar ağzınacan insanla dolu gözləmə zalının ortasında bomba partlatdıqdan sonra pasport nəzarəti əməkdaşlarına və KLM-in (Hollandiya aviaşirkəti) reysinə minmək üçün növbədə dayanan sərnişinlərə avtomatdan atəş açmağa başlayıblar. Şahidlərin dediyinə görə, terrorçulardan biri qaçıb canını qurtarmaq istəyən sərnişinlərə atəş açarkən qışqırırmış: "Bizimkilərdən 1 milyondan çoxu ölüb, sizinkilərdən 25-nin ölməsiylə nə olacaq ki?"

Bundan sonra terrorçular kafeyə girərək 20 nəfəri əsir götürüblər. Türk xüsusi təyinatlılarının əsirləri azad etmək üçün keçirdikləri əməliyyat zamanı Sarkisyan öldürülüb, Əkməkcyan isə yaralanıb və həbs olunub.

Terror aktı və iki saatlıq atışma zamanı 9 nəfər dünyasını dəyişib, 72 nəfər isə yaralanıb. Ölənlər arasında ABŞ-dən olan qadın, Qərbi Almaniyadan olan mühəndis, 3 türk polisi, eləcə də sərnişinlər və hava limanı əməkdaşları vardı. ABŞ Dövlət Departamenti, Cin Bosuortun kürəyindən aldığı güllə yarasından vəfat etdiyini, onun həyat yoldaşı C.F.Bosuortun isə ağır yaralandığını təsdiq edib. Ankaradakı hospitalın əməkdaşlarının bildirdiyinə görə, onların hər ikisinin yaşı 60-dan çox imiş.

ASALA terror aktına görə məsuliyyəti öz üzərinə götürüb və bunun "türk faşistləri tərəfindən bizim torpağların işğalına" etiraz olduğunu bəyan edib. ASALA-nın bəyanatında o da bildirilirdi ki, "günahsız qurbanlara" görə məsuliyyət, "sadə insanların düşmənləri: türk-faşist hökumətinin, NATO-nun və Birləşmiş Ştatların" üzərinə düşür. ASALA onu da elan edib ki, əgər bir sıra qərb ölkələri onlarda həbsdə yatan 85 erməni məhbusu azad etməsə, bu ölkələrin nümayəndəliklərinə qarşı hücumlar təşkil edəcək.

Türkiyə polisləri həbs olunmuş Levon Əkməkcyana o və həmkarının 9 nəfəri öldürdüyünü xəbər verəndə Əkməkcyan qışqırıb: "Bu azdır!!". Amma bir ay sonra hərbi tribunalın məhkəməsi zamanı o bəyan edib: "Məni bura inanclarım gətirib çıxarıb. Ancaq baş verən bu hadisədən sonra mən bu inanclarımın nə qədər cəfəng və yanlış olduğunu anladım".

Məhkəmə Əkməkcyanı "ölkəni bütünlüklə və ya bir hissəsini ayırıb digər ölkənin hakimiyyəti altına keçirilməsi məqsədi ilə hərbi aksiyanın" təşkilində günahkar bilib və 1982-ci il sentyabrın 7-də onun haqqında ölüm hökmü çıxarıb.

Həbsxanadan Əkməkcyan özünün ASALA-dakı yoldaşlarına müraciət edib və türklərin ermənilərin düşməni olmadığını bildirməklə onları zorakılıqdan çəkinməyə dəvət edib.

Əkməkcyanın apellyasiyası rədd edilib və 1983-cü il yanvarın 29-u o, dar ağacından asılıb.

Mövzuya görə xəbərlər