Son dəqiqə

Xüsusi günlər

Bu gün Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramıdır

Bakı. TurkicWorld:

Avqustun 18-i Sərhəd Qoşunlarının yaranması günüdür. Bu gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd edirlər.

1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul edib. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür. Bu səbəbdən üç rəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından başlamış, Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin sərhəd qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etmişdir ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı dövlətimiz üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirib.

Son illərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Quruda, havada və suda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür.

Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri də onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və etibarlı qorunmasının aktual olduğu dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dururlar.

Xarici təhdidlərin aradan qaldırılması kimi mühüm missiyanın yüksək səviyyədə həyata keçirilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətində olan xüsusi məsələdir. Azərbaycan sərhədçiləri beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparırlar. Xəzər dənizində karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə daxili sabitliyin qorunması kimi vacib vəzifələrin öhdəsindən şərəflə gələn Sərhəd Qoşunları bu baxımdan ölkəmizin qazandığı uğurlarda mühüm rol oynayır.

Hazırda Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində dövlət sərhədlərinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılıb. Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində də mühüm tədbirlər görülüb.

Bundan başqa paytaxtda və bölgələrdə yeni sərhəd zastavalarının yaradılması və onların maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanda sərhəd xidmətinin fəaliyyətinin daha keyfiyyətli qurulmasından xəbər verir. Bu sırada sərhədçilərdə əsas diqqəti dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsinə, döyüş hazırlığının yüksəldilməsinə yönəltmişlər.

2010-cu il dövlət sərhədi sistemində tarixi hadisə ilə yadda qalıb. Prezident, Ali Baş Komandan İlham Əliyev sərhədçilərin peşə bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasının açılışında iştirak edib. Akademiyada yaradılan şərait təsdiq edir ki, hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillər sırasında dövlət sərhədi və onun toxunulmazlığı mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsil rəşadət göstərirlər. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü münasibəti ilə birləşmə və hissələrin irimiqyaslı birgə əməliyyat-taktiki təlimində sərhəd qoşunlarının da yüksək səviyyədə təmsil olunması, sərhədçilərimizin vətənimizin keşiyində hər zaman ayıq-sayıq durduğunu sübut edir.

Mövzuya görə xəbərlər