Son dəqiqə

Xüsusi günlər

Bu gün Türkiyənin Zəfər bayramı günüdür

Bakı. TurkicWorld:

Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı dövləti, Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olub. Həmin sazişə görə, Osmanlı dövləti, 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirib.

Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan Türkiyə xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşılayıb, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina edib. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər şeydən öncə hərb meydanında zəfər lazım idi.

1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirib. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyulub.

1922-ci il avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Mustafa Kamal Paşanın əmri ilə düşmən üzərinə hücuma keçib. İki gün içində yunan ordusunun beş diviziyası darmadağın edilib. 30 avqustda artıq yunan qoşunları müdafiə qabiliyyətini itirib. Əskişəhər və Afyonu tamamilə nəzarətə götürən türk hərbi birlikləri, yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balıkəsir və Aydını azad edib, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmirə daxil olub.

İki həftə içində türk ordusu 100 kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləmiş, yunan qoşunlarının qalıqları Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdılar. Bu zəfər naminə 13 min türk əsgəri canını fəda edib.

Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonkarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub.

30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb. Bu zəfər sayəsində Sevr sazişi tarixin dərinliklərinə atılıb. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan edib.

Mövzuya görə xəbərlər