Son dəqiqə

Xüsusi günlər

Kipr Sülh Əməliyyatı türklərin zəfəri kimi tarixə düşüb

Bakı. TurkicWorld:

1960-cı ildə Kiprdə qurulan Kipr Respublikasını birtərəfli qaydada pozan yunanlar, türklərə qarşı müharibəyə başlayıblar. EOKA terror təşkilatını quran yunanların yalnız bir məqsədi var idi: Kipr adasını Yunanıstana birləşdirmək.

Kiprdə ən qanlı hücumlar 1963-cü ilin dekabrında başlayıb. Yunanların hücumları tarixə “Qanlı Milad” kimi düşüb. 364 türk şəhid olub, 103 türk kəndi boşaldılıb. Bu hücumlarda mayor Nihat İlhanın həyat yoldaşı və üç uşağı vəhşicəsinə qətlə yetirilib.

Türkiyə döyüş təyyarələri Lefkoşa üzərindən keçərək yunanlara ilk xəbərdarlığı edib. Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələri 14 mart 1964-cü ildə adaya gəlib. Ancaq yunanların hücumlarının qarşısı alına bilməyib.

Türkiyə Hərbi Hava Qüvvələrinin Erenköydə həyata keçirdiyi xəbərdarlıq uçuşları müqavimətdə təsirli olub. Döyüşlər zamanı Kapitan Cengiz Topelin istifadə etdiyi reaktiv təyyarə yunanlar tərəfindən vurulub. Paraşütlə tullanmağı bacaran Topel düşdüyü Yunan kəndi yaxınlığında əsir düşüb. O, ağır işgəncələrlə şəhid olub.

Baş verən qırğına görə Türkiyədən Kiprə müdaxilə səsləri ucalıb. Türkiyə Böyük Millət Məclisi dövrün hökumətinə Kiprə müdaxilə etmək səlahiyyəti verib. İyunun 7-də adaya müdaxilə ediləcəyi bildirilib. Lakin Amerika Birləşmiş Ştatları prezidentinin yazdığı və tarixə "Conson məktubu" adı ilə keçən mesajdan sonra Kiprə müdaxilə planı yarımçıq qalıb. Daha sonra terror təşkilatı EOKA-nın hücumları daha da artıb. 15 iyul 1974-cü ildə EOKA lideri Nikos Sampson, adanı Yunanıstanla birləşdirmək üçün yunan lideri Makariosa qarşı çevriliş edib.

Türkiyə ilk mərhələdə Kiprin suverenliyi və ərazi bütövlüyünə istinad edərək diplomatik təşəbbüslər irəli sürüb. 17-18 iyul 1974-cü ildə Türkiyə və İngiltərə Londonda çevrilişdən sonra atıla biləcək addımlarla bağlı danışıqlar aparıblar. İngiltərə Kiprə müdaxilə etməkdən imtina etdikdə Türkiyə 1960-cı il Zəmanət Müqaviləsində yaranan qarant hüququndan istifadə edib və 20 iyul 1974-cü ildə Kipr Sülh Əməliyyatına başlamaq qərarına gəlib.

Kipr Sülh Əməliyyatı 1974-cü il 20 iyul səhərinin ilk işığı ilə başlayıb. Hava və dəniz yolu ilə Kiprə enən türk əsgərləri Kipr türk mücahidləri ilə çiyin-çiyinə döyüşüb. Türkiyə, Təhlükəsizlik Şurasının qərarından sonra 22 iyul 1974-cü ildə əməliyyatı dayandırıb.

Türkiyə, Yunanıstan və İngiltərə bir araya gələrək Kipr probleminin həlli üçün danışıqlara başlayıblar.

Lakin iyulun sonunda başlayan Cenevrə danışıqları nəticəsiz qaldığından əməliyyatın ikinci hissəsinə avqustun 13-dən 14-nə keçən gecə “Ayşə məzuniyyətə getsin” şüarı ilə start verilib.

Türkiyə hərbçiləri Sülh Əməliyyatı ilə böyük uğur qazanıblar. Şimali Kipr Türk Respublikasının təməli qoyulub.

Mövzuya görə xəbərlər