Son dəqiqə

Xüsusi günlər

39 nəfərlik heyəti ilə “Atılay” sualtı qayığı Çanaqqala boğazında batıb

Bakı. TurkicWorld:

14 iyul 1942-ci ildə 39 nəfərlik heyəti ilə “Atılay” sualtı qayığı Çanaqqala boğazında batıb.

Cümhuriyyət dövrünün ilk sualtı qayıqlarından biri olan Atılay, 19 May 1939-cu ildə Taşkızak Gəmiqayırma Zavodunda suya buraxılıb.

Atılaydan əlavə daha üç sualtı qayıq istehsal edilib. Digər sualtı qayıqların adını Atatürk öz sağlığında verib: Saldıray, Batıray və Yıldıray...

Bu sualtı qayıqların hamısının sonu “ay” ilə bitdiyi üçün “Ay sinfi” adlandırılıb. Dörd sualtı qayıqdan biri olan Atılay acı hekayəsi ilə tarixə düşüb.

İkinci Dünya Müharibəsi başlamışdı. Müharibədə iştirak etmək istəməyən Türkiyə, xüsusilə, boğazlar mövzusunda xüsusilə həssas idi. Çünki Montrö konvensiyasına görə, boğazlar Türkiyənin nəzarəti altında idi. Boğazlardan icazəsiz keçidin qarşısını almaq üçün Britaniya istehsalı olan maqnit kabelləri çəkilib. Kabellərin işlək olub-olmadığını yoxlamaq vəzifəsi Atılaya tapşırılıb.

O zaman Gölcükdə olan “Atılay” sualtı qayığı 12 iyul 1942-ci ildə İstanbula yola düşərək Moda sahillərində lövbər salıb. Ancaq son missiyasına getdiyindən xəbərsiz idi Atılay. İyulun 14-ü Çanaqqala boğazına çatıb. Səhər saatlarında Çanaqqalada lövbər salan Atılayın komandiri bölgəni yaxşı tanıyan mayor Sadettin Gürcan idi.

Atılayın missiyası aydın idi. Çanaqqala boğazının qarşısında geniş bir qövs yaradacaq, sonra maqnit xəttini keçərək Morto körfəzində səthə çıxacaqdı.

Atılay 6 zabit, 17 astsubay və 16 sıravi əsgərdən ibarət 39 nəfərlik heyətlə saat 14:30-da suya enib. Bu missiyada Kartal yedək gəmisi Atılay sualtı qayığını izləyirdi. Lakin əlverişsiz hava şəraiti səbəbindən Kartal yedək gəmisi Atılayı Seddülbahiri sahillərində gözdən itirib.

Atılay suyun səthində görünməyib. Saatlar keçib, amma bir səs olmayıb. Bunun üzərinə tədbir görülüb və ikitərəfli axtarışlar aparılıb. Ovçu qayıqları, batarkən Atılayın suda buraxdığı şamandıranı tapıb. Batmış şamandıranın içindəki telefonu çıxarıb danışmağa çalışıblar lakin qarşı tərəfdən heç bir səs gəlməyib.

Sualtı qayığın batması xəbəri donanmanı səfərbər edib. Bütün vasitələr səfərbər edilib və xilasetmə işlərinə başlanılıb. Atılayın yerləşdiyi ərazidə dərinlik 75 metr olub. Dalğıclar çətin olduğunu bilərək bu dərinliyə enməyə hazırlaşıblar. Lakin batmış şamandıranın kəndiri qopub. Beləliklə, sualtı qayığın yeri itirilib.

Uğursuzluqlara baxmayaraq, axtarışlar günlərlə davam etsə də, heç bir nəticə əldə olunmayıb. Atılay 39 nəfərlik heyəti ilə Çanaqqalanın dərinliklərində qalıb. Atılay fəlakətindən yalnız bir nəfər sağ qalıb. O da Nara burnuna yemək almaq üçün sahilə çıxan Amasralı əsgər - Əhməd Bağdat olub.

Təbii fəlakət bütün ölkədə böyük kədərə səbəb olub. Şəhidlərin ardınca ağlayanlar arasında məşhur bir ad da var idi. Dərinlikdə həlak olan 39 ekipaj üzvündən biri, səs artisti Hamiyyət Yücesesin həyat yoldaşı idi. Elektrik heyətinin baş çavuşu Fəthi Yücesesin ölümü sənətçini dərindən yaralayıb. Bu qəzanın acısı ilə oxuduğu “Getdi, gəlmədi, gözüm yollarda qaldı” mahnısı faciəni xatırladan bir xatirə kimi yaddaşlara həkk olunub.

Uzun illər keçib. Atılayın niyə batdığı sualına verilən cavablar təxminlərdən kənara çıxa bilməyib. Tədqiqatçı Selçuk Kolay, 1992-ci ildə Atılayı tapıb. Beləliklə, illər sonra Atılayın niyə batdığı məlum olub.

Sualtı qayıq güclü cərəyanın təsiri altında kursdan çıxıb və Birinci Dünya Müharibəsindən qalma minaya düşüb. Atılay 39 şəhidlə Çanaqqala boğazında yatmağa davam edir.

Mövzuya görə xəbərlər