Mehmet Yüce

Ortaq universitetin yaradılması həm strateji, həm də iki qardaş ölkənin birgə elm və texnologiya yaratması üçün vacibdir - Mehmet Yüce (ÖZƏL)

Bakı, TurkicWorld

Birgə universitet Türkiyə və Azərbaycan alimlərinin bir araya gəlməsinə, güclərini birləşdirməsinə şərait yaradacaq.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetin Türk Dünyası İqtisad fakültəsinin dekanı, professor Mehmet Yüce deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni prezidentlik dönəmində Şimali Kipr Türk Cümhuriyyətinə ilk xarici səfərindən sonra birbaşa Azərbaycana səfər etməsi simvolik məna daşıyır.

“Həm də Türkiyə üçün yeni dövrdə təqib ediləcək xarici siyasətə əhəmiyyətli bir işarədir. Bu səfəri iki ölkə arasında əməkdaşlığın təsdiqi və bundan sonra ediləcək əməkdaşlıq sahələrinin bəyannaməsi kimi qiymətləndirmək olar. Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuata açıqlamasında Azərbaycan-Türkiyə universitetinin adını çəkməsi uzun müddətdir aktual olan, yeni qurulan ortaq universiteti yenidən gündəmə gətirib”,- deyə o qeyd edib.

Professorun sözlərinə görə, ortaq universitetin yaradılması həm strateji, həm də iki qardaş ölkənin birgə elm və texnologiya yaratması üçün vacibdir.
“Bundan əlavə, bu universitet həm də ortaq sivilizasiyadan güc alaraq ortaq gələcək yaratmaqda olan Türk Dövlətləri Təşkilatının təməl prinsipinin qurulmasına xidmət edəcək. Əslində, birgə universitet layihəsi Qazaxıstan və Qırğızıstanda sınanmış və uğurlu layihədir. Bu layihənin Azərbaycanda uğurlu olacağı şübhəsizdir”, - deyə dekan bildirib.

O qeyd edib ki, birgə universitetin yaradılması Türkiyənin ali təhsil sahəsində təcrübəsinin Azərbaycanla tam şəkildə paylaşılması mənasının təzahürüdür.

“Türkiyə universitetləri azərbaycanlı gənclər arasında rəqabətli təhsil ocaqlarından biridir. Hazırda Türkiyənin ali təhsil müəssisələrində 32 min 470 tələbə təhsil alır.

Qurulacaq tərəfdaş universitet Türkiyəyə getmək istəyən tələbələrin əsas hissəsinin burada qalmasını təmin edəcək. Bundan əlavə, bu universitetin əsas üstünlükləri, region ölkələrindən, xüsusən də Türkiyə dövlətlərindən çoxlu tələbənin Azərbaycana gəlməsini təmin etməkdir. Beləliklə, Bakı beynəlxalq tələbə şəhərciyinə çevriləcək və regionda sülh və sabitliyi təmin etmək üçün yeni kadrlar hazırlayacaq. Digər tərəfdən bu universitet Türkiyə və Azərbaycan alimlərinin bir araya gəlməsinə, güclərini birləşdirməsinə şərait yaradacaq. Belə bir sinerji ilə dünya şöhrətli yüksək səviyyəli alimlər yetişəcək”, - deyə o vurğulayıb.

Mehmet Yüce bildirib ki, Partnyor universitet Türk Mədəniyyətini gələcək nəsillərə ötürməklə şüurlu nəslin yetişməsini təmin edəcək.

“Bu universitetdə təhsil alan gənclər iki qardaş ölkəni tanıyan, təhlil edən, iki ölkənin ortaq maraqları ətrafında birləşə bilən şüurlu, müstəqil, məsuliyyətli, maarifləndirici gənclər kimi yetişəcəklər”, - deyə professor əlavə edib.

Mehriban Xəlillli

@MXalilbekova

Mövzuya görə xəbərlər