BAKI,TurkicWorld, Fərid Mikayılov
Yaxın günlərdə Bəhreyn və Küveytdə yaşayan Qırğızıstan vətəndaşlarının ölkəyə gətirilməsi planlaşdırılır.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Seytek Jumakadır oğlu məlumat verib.
Onun sözlərinə görə, təxliyə prosesi Qırğızıstan prezidentinin Yaxın Şərqdə yaşayan vətəndaşların ölkəyə qaytarılması ilə bağlı tapşırığı çərçivəsində həyata keçirilir.
Bildirilib ki, vətəndaşların ölkəyə gətirilməsi Səudiyyə Ərəbistanı üzərindən təşkil olunacaq.
Seytek Jumakadır oğlu qeyd edib ki, hazırda Bəhreyndə 82, Küveytdə isə 480 Qırğızıstan vətəndaşı yaşayır. İlkin mərhələdə Küveytdən təxminən 70 nəfərin, Bəhreyndən isə 40-a yaxın vətəndaşın ölkəyə qayıdacağı gözlənilir.
Onun sözlərinə görə, vətəndaşların şəxsi qərarları səbəbindən təxliyə siyahısı daim dəyişir. Eyni zamanda Qətərdə də Qırğızıstan vətəndaşlarının olduğu bildirilib.
Departament direktoru əlavə edib ki, bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından üç reys vasitəsilə 420 Qırğızıstan vətəndaşı təxliyə olunaraq ölkəyə gətirilib.
Qeyd olunub ki, həmin vətəndaşların ölkəyə qayıdışı dövlət hesabına və ödənişsiz şəkildə həyata keçirilib.







