Son dəqiqə

Qazaxıstan Rusiya

Qazaxıstanın neft emalı zavodları Rusiyanı benzinlə təchiz etməkdən imtina edib

BAKI,TurkicWorld

Qazaxıstanın iri neft emalı zavodları (NEZ) ölkənin Energetika Nazirliyi tərəfindən iyul ayı üçün Rusiyaya benzin tədarükünə ayrılmış kvotalardan istifadə etməyib.

Bu barədə "Reuters" dörd aidiyyəti mənbəyə istinadən məlumat yayıb.

İyul ayında "Pavlodar" və "Atırau" neft emalı zavodları Rusiyaya hər biri 17,5 min ton AI-92 markalı benzin tədarük edə bilərdi, lakin kvotadan istifadə etməmək qərarına gəliblər.

Agentliyin həmsöhbətləri bunun səbəbləri kimi Avropa İttifaqının sanksiyalarına məruz qalmaq riskini və Rusiya bankları vasitəsilə ödənişlərin həyata keçirilməsində yaranan çətinlikləri göstəriblər. Bundan əlavə, Qazaxıstanın özünün də yanacağa ehtiyacı olduğu bildirilir.

Nəticədə Rusiyaya avtomobil yanacağı ixrac etməyə qərar verən yeganə zavod illik 850 min ton emal gücünə malik kiçik "Kondensat" NEZ-i olub. Bu, əvvəlki iki müəssisənin ümumi gücündən təxminən altı dəfə azdır. Zavod iyul ayında qonşu ölkəyə 9 min ton benzin göndərib.

Qazaxıstanda Rusiyada yanacaqla bağlı yaranmış problemlər fonunda tətbiq edilən benzinin, dizel yanacağının və digər neft məhsullarının avtomobil nəqliyyatı ilə ixracına qoyulan qadağa qüvvədə qalır. Bununla yanaşı, bəzi benzin markalarının dəmir yolu ilə ixracına icazə verilir.

İyul ayında Qazaxıstan yanacağın ölkədən çıxarılmasının qarşısını almaq məqsədilə qonşu dövlətlərdən avtomobillərin ölkəyə girişini məhdudlaşdırıb.

Mövzuya görə xəbərlər