Son dəqiqə

Kasım-Jomart Tokayev

TDT üzvləri arasında ticarət dövriyyəsi 45 milyard dolları ötüb - Tokayev

Bakı, TurkicWorld

TDT-yə daxil olan ölkələr bizim qonşularımız və mühüm geosiyasi tərəfdaşlarımızdır.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Ana tili" qəzetinə müsahibəsində bildirib.

"Sədrliyimiz dövründə siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlığın intensivləşdirilməsinə xüsusi diqqət yetirilib. Konkret nəticələr əldə edilib, bir sıra irimiqyaslı layihələr həyata keçirilib, 80-dən çox tədbir təşkil olunub. Astanada V Ümumdünya Köçəri Oyunları keçirilib. Təhsil və akademik strukturlar, yaradıcı ziyalılar arasında sıx əlaqələr qurulub. 2021-ci ildə Türk dünyasının mənəvi paytaxtı elan edilən Qədim Türküstan xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında xüsusi rol oynayır", - deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, son 10 ildə TDT üzvləri arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlənib, 2024-cü ildə isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45 milyard dolları ötüb.

"Ölkələrimiz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun həyata keçirilməsində mühüm rol oynayır. Biz enerji, sənaye, kənd təsərrüfatı və rəqəmsallaşma sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik", - deyə o qeyd edib.

Prezident xatırladıb ki, TDT-nin sədri kimi Qazaxıstan TURKTIME! şüarı ilə çıxış edib. Bu abreviatura səkkiz prioriteti: Ənənələr (Traditions), Birləşmə (Unification), İslahatlar (Reforms), Bilik (Knowledge), Etibar (Trust), İnvestisiyalar (Investments), Mediasiya (Mediation) və Enerji (Energy) ifadə edir.

"Bu prioritetlər TDT ölkələri ilə məhdudlaşmayan bütün Türk birliyi tərəfindən maraqla qarşılanıb. Qazaxıstan Türk dünyasının yaxınlaşmasına töhfə verən bütün yaradıcı təşəbbüsləri dəstəkləyir və Rusiyanın "Altay – türklərin beşiyi" konsepsiyasına da müsbət yanaşır. Ölkəmiz bütün türk xalqları arasında əlaqələrin dərinləşməsinə və ümumi zəngin tarixi və mədəni irsimizin təbliğinə bundan sonra da kömək edəcək", - deyə Tokayev bildirib.

Mövzuya görə xəbərlər