BAKI,TurkicWorld
Azərbaycan və Ermənistan arasında tamformatlı sülh müqaviləsinin ən qısa zamanda bağlanacağına ümid edirik.
TurkicWorld xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda deyib.
"Bizim fikrimizcə, Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət daşıyır və bu, regionda və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır. Cənubi Qafqazda sabitliyi təmin edəcək tamformatlı sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik", – deyə Tokayev qeyd edib.
Prezident Kasım-Jomart Tokayev həmçinin bildirib ki, Qazaxıstan Ukrayna münaqişəsi üzrə danışıqlar prosesinin aktivləşməsini alqışlayır.
"Yaxın Şərqdəki vəziyyətlə bağlı sülh sazişinin imzalanmasını da alqışlayırıq. Qazaxıstanın İbrahim sazişlərinə qoşulmaq qərarı bu regiondakı vəziyyətin sabitləşdirilməsinə öz töhfəsini vermək istəyindən irəli gəlir", – deyə qazaxıstanlı dövlət başçısı vurğulayıb.






