BAKI,TurkicWorld, Fərid Mikayılov
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dekabrın 16-da ölkə vətəndaşlarını Müstəqillik Günü münasibətilə təbrik edib.
TurkicWorld xəbər verir ki, o bildirib ki, bu bayram Qazaxıstan xalqının suveren inkişaf yolunu könüllü və qəti şəkildə seçməsinin rəmzidir.
Tokayev vurğulayıb ki, müstəqillik ölkə üçün ali dəyər olaraq qalır və bu prinsipə sadiqlik keçmiş və gələcək nəsillər qarşısında tarixi məsuliyyət daşıyır.
Tokayev qeyd edib ki, Qazaxıstan müstəqilliyini möhkəmləndirmək istiqamətində birlik, qarşılıqlı dəstək, məhsuldar əmək və sosial sabitlik sayəsində mühüm irəliləyişlərə nail olub. Onun sözlərinə görə, dünya sürətlə dəyişir və bəşəriyyət mürəkkəb çağırışlarla yanaşı yeni imkanlarla səciyyələnən yeni tarixi mərhələyə qədəm qoyur.
Dövlət başçısı vətəndaşları gələcəyə optimizm və ümidlə baxmağa çağırıb. O bildirib ki, gənc və dinamik dövlət kimi Qazaxıstan səylərini birləşdirərək ölkənin rəqabətqabiliyyətini və beynəlxalq mövqeyini daha da gücləndirməlidir.
Qazaxıstan prezidenti çıxışında hazırda həyata keçirilən genişmiqyaslı islahatların ölkənin davamlı inkişafına xidmət etdiyini vurğulayıb. Tokayevin sözlərinə görə, hərtərəfli modernləşmə strategiyasına sadiqlik nəticəsində Ədalətli, Güclü, Təmiz və Təhlükəsiz Qazaxıstan qurulacaq.
Kasım-Jomart Tokayev sonda bütün vətəndaşlara xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıb, Qazaxıstanın müstəqilliyinin əbədi olmasını diləyib.
Qeyd edək ki, Qazaxıstan 1991-ci il dekabrın 16-da dövlət müstəqilliyini elan edib. Bu tarix ölkənin müasir dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, milli suverenliyin, siyasi müstəqilliyin və öz inkişaf yolunu sərbəst seçmək hüququnun rəmzi hesab olunur. Müstəqillik Günü hər il ölkə üzrə rəsmi dövlət bayramı kimi qeyd edilir.







