Son dəqiqə

Türkiyə Xəzər dənizi Qazaxıstan

Türkiyə Qazaxıstanda gəmiqayırma zavodunun tikintisinə maraq göstərir

Bakı. TurkicWorld:

Qazaxıstan ticarət donanmasının inkişafı üçün mövcud istehsalat bazaları əsasında yerli gəmiqayırma zavodu inşa etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev açıqlama verib.

Karabayev onu da bildirib ki, Türkiyənin YDA və Asfat şirkətləri və Emirati Abu Dhabi Ports (ADP) gəmiqayırma zavodu layihəsinin həyata keçirilməsinə maraq göstərir.

Məlumata əsasən, zavodun iş yükü kommersiya və dövlət gəmilərinə olan ehtiyacla təmin olunacaq. Həmçinin 150-dən çox gəmi müxtəlif növ təmir tələb edir ki, bu da Qazaxıstan gəmiqayırma zavodunda aparıla bilər. Yeni gəmi modelləri “Kazmortransflot” (Qazaxıstanın Milli Dəniz Daşıyıcısı) tərəfindən layihələndirilir.

Qeyd edək ki, dekabrın 2-də “KazMunayQaz” SC (KMG, Qazaxıstanın milli neft-qaz şirkəti) və Emirati AD Ports Group (ADP) arasında Qazaxıstanda gəmi təmiri və gəmiqayırma müəssisəsinin yaradılması prinsipləri haqqında saziş imzalanıb. Saziş əməkdaşlığın əsas şərtlərini müəyyən edir.

Tərəflər Qazaxıstanın Xəzər dənizi sahilində gəmi təmiri və gəmiqayırma əməliyyatının yaradılması imkanlarını araşdırmaq üçün birgə işçi qrupu yaradacaqlar.

Xatırladaq ki, “KazMunayQaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev daha əvvəl bildirmişdi ki, ADP və KMG yaxın gələcəkdə açıq dənizlərdə və Xəzər dənizində neft nəqli üçün tankerlərin birgə tikintisi üzrə əməkdaşlıq etmək niyyətindədir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər