Son dəqiqə

Qazaxıstan Mərkəzi Asiya

Qazaxıstan Mərkəzi Asiyada xərçəng xəstələri üçün proton terapiyasından istifadə edən ilk ölkə olacaq

Bakı. TurkicWorld:

Qazaxıstan Mərkəzi Asiyada xərçəng xəstələri üçün proton terapiyasından istifadə edən ilk ölkə olacaq.

TurkicWorld-un məlumatına görə, Qazaxıstanın baş naziri Əlihan İsmayılov Astanada gələn il istifadəyə veriləcək Milli Elmi Onkologiya Mərkəzinin yeni binası ilə tanış olub.

"Ölkədə hər il 37 mindən çox xərçəng hadisəsi və 13 mindən çox xərçənglə bağlı ölüm faktı qeydə alınır. Məqsədimiz, Milli Elmi Onkologiya Mərkəzində beynəlxalq standartlara uyğunluğu təmin etməkdir. 2024-cü il avqustun 1-dək mərkəzin tam gücü ilə istifadəyə verilməsi üçün lazımi prosesin aparılması tapşırılıb. Tikinti işlərinin 90 faizinin artıq yekunlaşdığı, radiasiya və nüvə təbabəti sahəsində yüksək texnologiyalarla təchiz edilmiş 210 nəfərlik çarpayılıq mərkəzdə proton terapiya mərkəzi də fəaliyyət göstərəcək. Qazaxıstan Mərkəzi Asiyada xərçəng xəstələri üçün proton terapiyasından istifadə etməyə başlayan ilk ölkə olacaq",- deyə baş nazir bildirib.

Mərkəzin onkoloji cərrahı Adilbek Mukacanov mövzu ilə bağlı jurnalistlərə açıqlamasında qeyd edib ki, bu, Qazaxıstan və Orta Asiyada proton terapiyasının aparılacağı yeganə mərkəz olacaq. Dünyada belə mərkəzlərin sayı 100-ü keçmir.

Qeyd edək ki, proton terapiyasının ən mühüm xüsusiyyəti odur ki, şüalanma daha məqsədyönlü və yumşaq olur. Proton terapiya, minimum radiasiyaya məruz qalmanı və ətrafdakı toxumaların minimal zədələnməsini təmin edir. Eyni zamanda, ikinci dərəcəli şüalanma şişlərinin inkişaf ehtimalı da minimuma endirilir.

Mövzuya görə xəbərlər