Qazaxıstan Məhəmməd Füzuli Türk Mədəniyyəti və İrsi Fondu

Türk Mədəniyyəti və İrsi Fondu Astanada Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə qazax dilində nəşr olunan “Füzuli – 530 Misra” kitabının təqdimatını keçirib

Bakı, TurkicWorld

23-26 sentyabr 2024-cü il tarixlərində Qazaxıstanın paytaxtı Astanada təşkil olunan Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qazax dilində nəşr olunan “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclisi təşkil olunub.

TurkicWorld xəbər verir ki , Azərbaycanın böyük şairi, Türk ədəbiyyatının klassiki Məhəmməd Füzulinin 22 qəzəli və 6 qəsidəsindən - 530 beytdən ibarət kitab bu il ustadın 530 illik yubileyinə həsr olunub. Fond tərəfindən kitabın yayımlanmasında məqsəd böyük şairin irsinin Qazaxıstanda daha artıq təbliği, eləcə də Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələrinin dərinləşməsinə töhfə verməkdir. Layihənin rəhbəri və müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovadır.

Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Kitabın təqdimat mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, cari ilin 25 yanvarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı tarixi Sərəncamı Füzuli irsinin tədqiqi və təbliği yönündə yeni imkanlar yaradır.

Aktotı Raimkulova bu tipli nəşrlərin türk dillərinin inteqrasiyası baxımından əhəmiyyət daşıdığını vurğulayaraq, qeyd edib: “Biz klassiklərimizin əsərlərinə, onların ruhuna, dönə-dönə qayıtmalı və milli kimliyimizi qarşılıqlı olaraq əxz etməliyik”.

Tədbirin bədii hissəsində Azərbaycanlı qiraətçi, aktyor Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin bir sıra qəzəlləri səsləndirilib. Azərbaycanlı xanəndələr – respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və Leyla Rəhimova Füzulinin qəzəllərini muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları Kazibek İskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin qazax dilinə tərcümələrindən nümunələr təqdim olunub.

Qiraətçiləri Azərbaycanın Əməkdar artisti Toğrul Əsədullayev (kamança) və respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev (tar) müşayiət ediblər.

Mövzuya görə xəbərlər