Son dəqiqə

Azərbaycan Bolqarıstan Rumıniya Macarıstan təbii qaz

"Həmrəylik halqası"nın investisiya dəyəri 700 milyon avrodan çoxdur

Bakı. TurkicWorld:

"Həmrəylik halqası" təşəbbüsünün ümumi təxmin edilən investisiya dəyəri 730 milyon avrodur.

TurkicWorld bu barədə cümə axşamı aprelin 25-də Sofiyada bu təşəbbüsə dair Anlaşma Memorandumunu imzalayan tərəflərdən biri olan Macarıstanın "FGSZ" şirkətinə istinadən xəbər verir.

"Həmçinin Aİ-nin "REPowerEU" planı və Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında saziş kimi enerji prioritetlərinə uyğun gələn birgə təşəbbüs 2022-ci ilin sentyabr ayında nəql sisteminin dörd operatoru tərəfindən bəyan edilib və Avropa Komissiyasına təqdim olunub. Təşəbbüs Avropa Komissiyasının prezidenti və Enerji Baş İdarəsi (DG ENER) tərəfindən nəzərdən keçirilərək dəstəklənib", - şirkətin məlumatında deyilir.

Qeyd olunur ki, növbəti addım olaraq nəql sisteminin operatorları bu ilin iyulunda bazar sınaqlarının keçirilməsindən başlayaraq Aİ Komissiyasının 2017/459 (CAM NC) saylı Reqlamentində qeyd olunan mərhələlərə riayət etmək barədə razılığa gəliblər. Bu cür açıq mövsum proseduru kommersiya marağının qiymətləndirilməsi və infrastruktur işləmələrinin reallaşdırılması üçün vacibdir.

Aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib.

Qeyd edək ki, Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik halqası" adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Mövzuya görə xəbərlər