"Həmrəylik halqası" ilə Azərbaycandan Avropaya nəql ediləcək qazın həcmi açıqlanıb

"Həmrəylik halqası" ilə Azərbaycandan Avropaya nəql ediləcək qazın həcmi açıqlanıb

Bakı. TurkicWorld:

"Həmrəylik halqası" (STRING) ildə 5-9,5 milyard kubmetr arası qaz nəql edə bilər.

TurkicWorld bu barədə aprelin 25-də bu təşəbbüsə dair Anlaşma Memorandumunu imzalayan tərəflərdən biri olan Macarıstanın "FGSZ" şirkətinə istinadən xəbər verir.

"Anlaşma Memorandumu "Bulgartrasngas", "Transgas", "FGSZ" və "Eustream" şirkətlərinin ötürmə sisteminin operatorlar şəbəkəsi ilə təbii qazın nəqli üzrə əlavə imkanların verilməsinə yönələn birgə təşəbbüsü olan "Həmrəylik halqası" nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəkləyir. Qısa müddət ərzində və mövcud infastrukturun ötürücülük qabiliyyətini tədricən artırmaqla Azərbaycandan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya ərazisi ilə Şərqi, Mərkəzi və Qərbi Avropaya ildə 5-9,5 milyard kubmetr arası qaz nəql etmək mümkündür", - deyə şirkətdən bildiriblər.

Slovakiyanın İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Anlaşma Memorandumu özündə heç bir müqavilə müddəası ehtiva etmir və bu səbəbdən müqavilə deyil.

"Anlaşma Memorandumunun məqsədi ötürmə sisteminin operatorları tərəfindən təşviq olunan "STRING"in imkanlarından istifadə etməklə Avropa İttifaqından əlavə həcmdə qazın diversifikasiyalaşdırılmış tədarükünü təmin etmək məqsədilə Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstanın qaz nəqli sisteminin operatorları arasında əməkdaşlığın inkişafı və təşviqindən ibarətdir", - deyə nazirlikdən bildiriblər.

Xatırladaq ki, aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn