Bakı,TurkicWorld
Azərbaycanın "Azeri Light" markalı neftinin İtaliyanın Auqusta limanında CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,88 dollar və ya 3,2 faiz artaraq bir barel üçün 126,16 dollara çatıb.
Bu barədə neft bazarının iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunur ki, "Azeri Light" markalı neftin Türkiyənin Ceyhan limanında FOB bazasında bir barelinin qiyməti 4,1 dollar və ya 3,6 faiz bahalaşaraq 116,48 dollar təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,79 dollar və ya 4,3 faiz artaraq bir barel üçün 92,14 dollara yüksəlib.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə 3,94 dollar və ya 3,4 faiz artaraq bir barel üçün 118,76 dollara çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.
"Trading Economics"in son məlumatlarına görə, cümə günü dünya bazarında xam neftin qiyməti bir barel üçün 103 dolları ötərək son altı həftənin ən yüksək səviyyəsinə çatıb.
Məlumatda bildirilir ki, qiymət artımı ABŞ-ın İrana qarşı hərbi zərbələri yenidən bərpa edə biləcəyi ilə bağlı narahatlıqlardan qaynaqlanır. Belə ki, yüksək rütbəli hərbi komandan ABŞ Prezidenti Donald Trampa mümkün hərbi əməliyyat variantlarını təqdim edib.
Tramp gələn həftə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hava zərbələrinin yenidən başlaya biləcəyi barədə dəfələrlə xəbərdarlıq edib. Bununla yanaşı, İran rəsmiləri ABŞ-ın vitse-prezidenti Cey Di Vensin sülh danışıqlarının bərpasını hədəfləyən məktub göndərdiyini təsdiqləyiblər.
"ABŞ-ın "WTI" markalı neftinin qiyməti ABŞ və İran arasında davam edən münaqişə fonunda oktyabr ayında 10 faizdən çox artıb. Eyni zamanda, Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi husilər arasında toqquşmalar da intensivləşib", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Hörmüz boğazında gəmiçilik üçün təhlükələr də yüksək olaraq qalır və neft tankerlərinə hücumlar davam edir. Bununla belə, regiondan xam neft ixracı müharibə başlamazdan əvvəlki səviyyəyə yaxınlaşıb. Məlumatın məhdud olmasına baxmayaraq, hasilatçılar bu strateji əhəmiyyətli su yolundan neft daşımalarını davam etdirirlər.


