Son dəqiqə

Azeri Light

Azərbaycan nefti ucuzlaşıb

Bakı,TurkicWorld

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 6,56 ABŞ dolları və ya 6,10% ucuzlaşaraq 100,90 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,3 dollar və ya 0,31% ucuzlaşaraq 96,18 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,9 dollar və ya 6,68% azalaraq 68,43 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,72 dollar və ya 4,89% azalaraq 91,76 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

"Trading Economics"in məlumatına görə, neftin qiyməti 86 dollardan aşağı düşüb.

"Dünya bazarında xam neftin qiyməti çərşənbə axşamı bir barel üçün 86 dollardan aşağı düşüb. Bununla da əvvəlki sessiyada başlayan ucuzlaşma davam edib və qiymət avqustun sonundan bəri ən aşağı səviyyəyə enib. Buna səbəb Yaxın Şərqdə münaqişənin sona çatdırılması istiqamətində aparılan diplomatik səylərdir.

ABŞ Prezidenti Donald Tramp Qətərin Baş naziri ilə görüşündən sonra münaqişənin həlli istiqamətində irəliləyiş olduğunu bildirərək, onun başa çatması üçün "müsbət dinamikanın formalaşdığını" qeyd edib.

Eyni zamanda, ABŞ Konqresindəki Demokratlar dekabrın 11-də hökumətin maliyyələşdirilməsinin dayandırılması ilə bağlı son tarixdən Trampa müharibəni dayandırmaq üçün təzyiq vasitəsi kimi istifadə etməyi nəzərdən keçirirlər.

Bununla belə, regionda gərginlik yüksək olaraq qalır. Məlumatlara görə, ABŞ qüvvələri İranın Qeşm adasına növbəti zərbə endirib. ABŞ dövlət katibi Marko Rubio isə danışıqlarda irəliləyişlə bağlı gözləntiləri daha ehtiyatlı qiymətləndirib.

Hörmüz boğazında neft tankerləri hücumların hədəfi olmaqda davam edir. Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi husilər arasında toqquşmalar da davam edir.

Digər tərəfdən, investorlar qlobal neft bazarında təklif və tələbin vəziyyəti ilə bağlı əlavə məlumat əldə etmək üçün ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA), Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatlarını gözləyirlər", - məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər