Bakı,TurkicWorld
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 2,12 ABŞ dolları və ya 2,19% ucuzlaşaraq 94,81 ABŞ dollarına enib.
Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,87 dollar və ya 2,03% ucuzlaşaraq 90,11 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,27 dollar və ya 3,38% azalaraq 64,85 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,5 dollar və ya 2,74% azalaraq 88,74 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, çərşənbə axşamı xam neftin bir barelinin qiyməti 80 dollardan aşağı düşərək əvvəlki sessiyada başlayan ucuzlaşmanı davam etdirib və son üç ayın minimum səviyyəsinə enib.
"Buna ABŞ-İran münaqişəsinin başa çatdırılması istiqamətində diplomatik səylərin yenidən aktivləşməsi ilə bağlı xəbərlər təsir göstərib.
Məlumata görə, ABŞ-nin vitse-prezidenti C. D Vens Qətərin baş naziri ilə Tehranla mümkün danışıqların təşkili məsələsini müzakirə edib.
ABŞ Prezidenti Donald Tramp da ölkədə keçirilən aralıq seçkilərdən sonra İrana qarşı növbəti zərbələrin endirilməsini təxirə salıb. Bununla belə, o, danışıqların nəticəsiz qalacağı təqdirdə hərbi əməliyyatların yeni ildən sonra bərpa oluna biləcəyi barədə xəbərdarlıq edib.
Bununla yanaşı, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. İran Hörmüz boğazının tam açılması üçün ABŞ-nin dəniz blokadasının və sanksiyaların aradan qaldırılmasını tələb edir.
Eyni zamanda, bu ay Hörmüz boğazından keçən xam neft daşımalarının həcmi azalıb. Kpler şirkətinin məlumatına görə, noyabrın 19-dək olan 10 gün ərzində boğazdan gündəlik orta hesabla 9,5 milyon barel neft daşınıb. Bu göstərici oktyabr ayında qeydə alınan gündəlik 12,2 milyon barellə müqayisədə aşağıdır", - məlumatda qeyd edilib.




