BAKI,TurkicWorld
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 4,36 ABŞ dolları və ya 4,56% ucuzlaşaraq 91,22 ABŞ dollarına enib.
Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,59 dollar və ya 5,02% ucuzlaşaraq 86,89 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,24 dollar və ya 5,66% azalaraq 54,02 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,81 dollar və ya 5,31% azalaraq 85,74 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına əsasən, neftin qiyməti çərşənbə günü 4%-dən çox artaraq bir barel üçün 83 dollara yaxınlaşıb. Beləliklə, üç günlük eniş seriyası başa çatıb. Vurğulanıb ki, buna səbəb Yaxın Şərqdə bir neçə günlük nisbi sakitlikdən sonra yenidən alovlanan qarşıdurmalar və enerji təchizatında mümkün fasilələrlə bağlı narahatlıqların artması olub.
"ABŞ ordusu Yaxın Şərqdə yerləşən Amerika hərbçilərinə qarşı İranın gözlənilməz hücum cəhdinin uğurla dəf edildiyini açıqlayıb. Eyni zamanda, İranın dəstəklədiyi İraqdakı silahlı qruplar ardıcıl ikinci gündür Səudiyyə Ərəbistanının Şərq bölgəsindəki neft obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum ediblər. Hücumların vurduğu zərərin miqyası isə hələlik tam məlum deyil.
Diplomatik cəbhədə isə İran Omanın Hörmüz boğazına birgə 50/50 nəzarət təklifini rədd edib. Tehran boğaza daxil olan gəmi marşrutu və çıxış marşrutunun bir hissəsi üzərində tam nəzarətin özündə qalmalı olduğunu bildirib.
ABŞ-də açıqlanan Amerika Neft İnstitutunun (API) məlumatına görə, ötən həftə ölkədə xam neft ehtiyatları 3,3 milyon barel azalıb. Bu da qlobal neft bazarında təklifin hələ də məhdud qaldığına işarə edir", - məlumatda qeyd edilib.







