BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA prezidenti Canni İnfantinonu qəbul edib.
Görüş zamanı Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı ilk dəfə keçiriləcək və 24 oktyabr 2026-cı ildə Azərbaycanda start götürəcək. FIFA-nın yeni turniri dünyanın müxtəlif ölkələrindən gənc futbol istedadlarını bir araya gətirərək bütün üzv assosiasiyalara beynəlxalq səviyyədə mübarizə aparmaq imkanı yaradacaq. Turnirin 2028-ci ildən etibarən oğlanlar və qızlar arasında hər il keçirilməsi nəzərdə tutulur.
Yarış çərçivəsində innovativ 8x8 formatından istifadə olunacaq və hər hissə 20 dəqiqə davam edəcək. Altı oyun günü ərzində Bakının Hövsan Yarış Kompleksində 1 000-ə yaxın qarşılaşmanın keçirilməsi planlaşdırılır. Açılış oyunu və oktyabrın 30-da baş tutacaq final qarşılaşması isə Bakı Kristal Zalında təşkil ediləcək.
Turnirdə 3 000-dən çox gənc futbolçu, məşqçi və rəsmisinin iştirakı gözlənilir. Komandalar əvvəlcə qrup mərhələsində mübarizə aparacaq, nəticələrə əsasən altı performans səviyyəsi üzrə turnirin ikinci mərhələsinə bölünəcəklər. Bütün komandalar son oyun gününədək mübarizəni davam etdirəcək, A səviyyəsinin qalibi isə FIFA U-15 Dünya Çempionatı və Festivalının çempionu elan olunacaq.
Turnirin əsas məqsədlərindən biri FIFA üzvü olan ölkələrə beynəlxalq yarış təcrübəsi qazandırmaq və gənc futbolçuların inkişafına şərait yaratmaqdır. Yarışın təşkilində təxminən 250 könüllünün iştirakı nəzərdə tutulur. Azərbaycanın 2027-ci ildə FIFA U-20 Dünya Çempionatına Özbəkistanla birgə ev sahibliyi edəcəyi nəzərə alınmaqla, U-15 turnirinin ölkədə keçirilməsi beynəlxalq futbol yarışlarının təşkili istiqamətində ardıcıllığı da təmin edir.







