Son dəqiqə

İİTKM

Azərbaycanın qeyri-neft ixracı 12%-ə yaxın artıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7% artaraq 862 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ dollarına bərabər olub.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin aprel sayında qeyd edilib.

Cari ilin yanvar-mart aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4%, pambıq lifi 43,5%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 20,4%, çay 15,1%, spirtli və spirtsiz içkilər isə 4,3% artıb.

2026-cı ilin yanvar-mart aylarında aqrar məhsullar üzrə ixrac 26,6% artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4% artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8% artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub.

Mövzuya görə xəbərlər