bp Xəzərdən Avropaya qaz nəqlinin artırılacağına şübhə etmir - Qeri Cons

bp Xəzərdən Avropaya qaz nəqlinin artırılacağına şübhə etmir - Qeri Cons

Bakı. TurkicWorld:

Cənub Qaz Dəhlizi getdikcə daha da aktuallaşmaqdadır.

TurkicWorld-un məlumatına görə, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Cons bp-nin gələcək planlarına həsr edilmiş brifinqdə deyib.

Onun sözlərinə görə, bu dəhlizin inşasında gələcəkdə onun ötürücülük qabiliyyətinin artırılması nəzərdə tutulub.

"Artıq Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin artırılması üzrə işlər görülməkdədir. Ötürücülük qabiliyyətini artırarkən hasil olunan qazın həcmi də nəzərə alınmalıdır. İnfrastruktur mövcuddur və genişləndirmək üçün imkanlar var. Hazırda Xəzər dənizinin təbii qaz hasilatı üzrə potensialını araşdırırıq və Xəzər dənizindən Avropaya qaz nəqlinin artırılacağına şübhəmiz yoxdur", - o qeyd edib.

Q.Cons həmçinin dekarbonizasiya və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalının artırılması prosesləri sayəsində gələcək üçün qoyulmuş hədəflərə nail olmağın mümkün olacağını qeyd edib.

"Enerji hamı və hər kəs üçün əlçatan olmalıdır. Azərbaycan nəqliyyat qovşağı olmaqla bu resursların mənbəyi kimi də böyük potensiala malikdir. Biz Azərbaycanda həmçinin metan emissiyasının və enerji istehlakının azaldılması istiqamətində də işləyə bilərik", - o deyib.

Qeyd edək ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə nəqli 31 dekabr 2020-ci ildə başladılıb. 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası Avropaya qaz tədarükünün 10 milyard kubmetrdən 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutan Memorandum imzalanıb.