BAKI,TurkicWorld
"Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) tikintisi üzrə işlər uğurla davam etdirilir.
TurkicWorld xəbər verir ki, bunu bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə deyib.
"bp artıq Azərbaycanda müvafiq neft-qaz sahəsində operatorluğunun 30-cu ilindədir. Bu dövr ərzində əməliyyatlarımız kifayət qədər aktiv şəkildə həyata keçirilir. Bu ilin 9 ayı üzrə nəticələr ondan ibarətdir ki, biz 6 250 idxal əməliyyatı həyata keçirmişik və bu əməliyyatların ümumi dəyəri 170 milyon ABŞ dolları civarında olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 40 milyon dollar artım qeydə alınıb", - o bildirib.
"Yeni layihələrimizdən olan "Şəfəq" üzrə də idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində gömrük orqanları ilə yaxından fəaliyyətimiz mövcuddur. Məhz gömrük orqanlarının yaxından dəstəyi ilə bu layihə üzrə panellərin təxminən 20%-i artıq Cəbrayıl rayonu ərazisindədir. Artıq qısa müddət ərzində Cəbrayıl rayonu ərazisində olan "Şəfəq" Günəş Elektrik Stansiyasının tikintisinə başlanılacaq", - B. Aslanbəyli vurğulayıb.







