Son dəqiqə

Energetika Nazirliyi

Energetika Nazirliyi ümumtəhsil məktəblərində “Enerji səmərəliliyi aylığı”na start verib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və SOCAR-ın dəstəyi ilə 5 ümümtəhsil məktəbində "Enerji səmərəliliyi aylığı" adlı maarifləndirmə məqsədi daşıyan kampaniyaya start verib.

Bir ay davam edəcək layihənin əsas məqsədi şagirdlər arasında enerji səmərəliliyi, enerjiyə qənaət və dayanıqlı enerji mədəniyyəti ilə bağlı bilik və vərdişlərin formalaşdırılmasıdır.

Kampaniya çərçivəsində məktəblərdə maarifləndirmə sessiyaları ilə yanaşı, enerji səmərəliliyi mövzusunda yaradıcılıq müsabiqələri və intellektual oyunlar təşkil olunacaq.

Qalib şagirdlər mükafat və sertifikatlarla təltif ediləcəklər.

Eyni zamanda, hər məktəbdə 5 nəfərdən ibarət "enerji səmərəliliyi könüllüləri" qrupu formalaşdırılacaq. Bu könüllülər gündəlik enerji qənaəti tədbirlərinin təşviqində, istifadə olunmayan otaqlarda işıq və elektrik avadanlıqlarının söndürülməsinə nəzarətdə fəal iştirak edəcəklər. Layihə çərçivəsində pilot məktəblərdə elektrik enerjisi istehlakı layihədən əvvəl və sonra ölçüləcək, əldə olunan qənaət həcmi müəyyən ediləcək, məktəblər arasında müqayisəli təhlil aparılacaq və ən yüksək enerji qənaətinə nail olan nümunəvi məktəb müəyyənləşdiriləcək.

Qeyd edək ki, layihə 4-8-ci sinif şagirdlərini əhatə edir və Energetika Nazirliyinin "Söndür və Qazan!" kampaniyası çərçivəsində həyata keçirilir.

Mövzuya görə xəbərlər