Bakı. TurkicWorld :
Azərbaycan 20-25 milyon ton neftin qəbulu və aşırılması imkanına malikdir.
TurkicWorldxəbər verir ki, bu barədə bu gün SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov 29-cu Bakı Enerji Forumu çərçivəsində "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı" panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın Xəzər sahillərində Dübəndi terminalları (ildə 10 milyon ton neft və neft məhsulları üçün) və Qaradağ rayonunda bir neçə terminal var.
Z.Qəhrəmanov qeyd edib ki, bu infrastruktur boru kəməri sistemi (Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa), eləcə də Gürcüstan və Türkiyənin Qara dəniz limanlarına gedən dəmir yolu xətti ilə əlaqəlidir.
"Xəzəryanı ölkələr, xüsusən də Qazaxıstan və Türkmənistan Azərbaycanın tranzit potensialından istifadə edirlər", - deyə o bildirib.
SOCAR prezidentinin müşaviri əlavə edib ki, ötən il Qazaxıstandan tranzit yolu ilə təxminən 1,4 milyon ton neft tədarük edilib.
"Daha sonra 2,2 milyon ton tədarük haqqında razılaşma əldə olundu. Hazırda bu həcmin ildə 5-7 milyon tonadək artırılması məsələsi müzakirə olunur", - o deyib.